Albert Elis komadan ayıldı

Bir neçə gün öncə süni komaya salınmış Fransanın “Bordo” klubunun honduraslı sağ cinah vingeri Albert Elis özünə gəlib.

Arena.az xatırladır ki, oyun zamanı başından ağır zədə almış futbolçu süni koma vəziyyətinə salınmışdı.

Buna Elisin Fransa Liqa 2-nin 26-cı turunun “Genqam”la oyununda (1:0) aldığı zədə səbəb olmuşdu. Belə ki, Albert havada rəqib oyunçu ilə toqquşduqdan sonra yöndəmsiz şəkildə ot üzərinə yıxılmış və huşunu itirmişdi. Futbolçu sonradan özünə gəlsə də, həkimlər onu təhlükəsiz surətdə xəstəxanaya çatdırmaq üçün süni komaya salmışdılar. Ardınca isə Elis təcili cərrahi əməliyyat edilmiş və bu əməliyyatdan uğurla çıxmışdı.

Hazırda Elis xəstəxanada ailəsinin əhatəsindədir və müalicəsini davam etdirir. Artıq komadan ayılmış futbolçunun tezliklə evə buraxılması gözlənilir. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı isə hələ bilinmir.

Albert Elis 2021-ci ildən “Bordo”da çıxış edir. 28 yaşlı vinger Fransa klubunun heyətində 61 oyuna 15 qol vurub, 5 məhsuldar ötürmə edib. O, “Hyuston”, “Olimpiya”, “Boavişta”, “Brest”, “Monterrey” kimi klubların da şərəfini qoruyub. Albert 2014-cü ilin oktyabr ayında debüt etdiyi Honduras yığmasının heyətində 64 oyuna 13 qol vurub.