İngiltərənin “Aston Villa” klubunun ispaniyalı sol cinah müdafiəçisi Aleks Moreno bundan sonra “Nottingem Forest”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə “Nottingem Forest” rəsmi saytı vasitəsilə məlumat yayıb.
Sözügedən klub 31 yaşlı oyunçunu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb.
Karyerası ərzində “Vilafranka”, “Lyaqostera”, “Malyorka”, “Rayo Valyekano”, “Elçe”, “Betis” kimi klublarda da oynamış Aleks Moreno, “Aston Villa”ya 2023-cü ilin yanvarında 13,5 milyon avro müqabilində keçmişdi. O, Premyer Liqa təmsilçisinin heyətində 48 oyuna çıxıb, 3 qol və 3 assistlə yadda qalıb.
“Nottingem Forest” “Portu”nun mərkəz müdafiəçisi David Karmonu da transfer edib. Bu keçid İngiltərə klubuna 11 milyon avroya başa gəlib. 25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Amma Karmonun bu mövsümü icarə əsasında Yunanıstan “Olimpiakos”unda keçirəcəyi diqqətə çatdırılıb. Xatırladaq ki, bu iki klubun sahibi eyni olduğu üçün “Nottingem Forest”lə “Olimpiakos” arasında belə oyunçu mübadilələri adi hal kimi qəbul edilir.
David Karmo peşəkar karyerasına “Braqa”da başlayıb. O, 2022-ci ildən formasını geyindiyi “Portu”da cəmi 28 oyun keçirib. Vaxtilə Portuqaliyanın U-19 və U-20 yığmalarında oynamış müdafiəçi, bu ildən Anqola millisində çıxış edir. O, yığmada 4 oyun keçirib.
“Nottingem Forest” daha üç futbolçusunu icarəyə göndərib. 26 yaşlı sol cinah müdafiəçisi Omar Riçards Portuqaliyanın “Rio Ave” klubuna keçib. 20 yaşlı hücumçu Deyl Teylor İngiltərənin digər klubu “Uiqan”a keçib. Əslən Kamerundan olan 23 yaşlı fransalı mərkəz müdafiəçisi Loik Mbe So isə Belçika təmsilçisi “Beersxot”a keçib. Onların hər biri mövsümün sonuna kimi icarədə olacaq.