“Ştutqart”ın qapıçısı Aleksander Nübel Avropa Liqası matçında məhsuldar ötürmə vermiş ilk alman qapıçı kimi tarixə düşüb.
Arena.az bu barədə “Opta”ya istinadən xəbər verir.
28 yaşlı qolkiper bunu Avroliqanın Liqa mərhələsinin 1-ci turunda qarşılaşdıqları İspaniya təmsilçisi “Selta” ilə oyunda bacarıb. O, 2:1 hesabıyla qalib gəldikləri matçın 51-ci dəqiqəsində assist müəllifi olub.
Nübel karyerasında ilk məhsuldar ötürməsinə 2024/2025-ci illər mövsümündə “Maynts”la qarşılaşmada imza atıb.
Xatırladaq ki, Aleksander Nübel müqavilə ilə Almaniya çempionu “Bayern”ə məxsusdur. Onun Münhen klubu ilə 2029-cu ilin 30 iyununa kimi qüvvədə olacaq müqaviləsi var.
Nübel “Ştutqart”a 2023-cü ilin iyul ayında icarə əsasında keçib. 27 yaşlı qolkiper 2026-cı ilin 30 iyununa kimi bu klubda icarədə olacaq.
Aleksander Nübel 2020-ci ilin yayından “Bayern”də olsa da, bu komandada cəmi 4 oyuna çıxıb. 4 qol buraxıb, 1 “quru” matç keçirmiş alman qolkiper daha öncə iki mövsüm “Monako”da icarədə olub. O, “Bayern”ə gələnə qədər də “Paderborn” və “Şalke”də oynayıb.
Nübel “Ştutqart”da 86 oyun keçirib. O, bu oyunlarda 120 qol buraxıb. Təcrübəli qolkiper 26 görüşdə qapısını toxunulmaz saxlamağa nail olub.
Vaxtilə Almaniyanın U-17 yığmasında oynamış Nübelə əsas millidə debüt etmək 2024-cü ildə nəsib olub. O, indiyə qədər yığmanın heyətində 2 oyun keçirib, 2 qol buraxıb.
“Transfermarkt” internet-portalı 28 yaşlı qapıçının transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.


