Türkiyə Super Liqasında mübarizə aparan “Konyaspor” komandasının baş məşqçisi Aleksandr Stanoyeviç istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə elita klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Serbiyalı mütəxəssis cari mövsümdəki uğursuz nəticələrə görə postundan uzaqlaşdırılıb. Son olaraq ötən gün Super Liqanın debütantı “Pendikspor”a doğma meydanda 1:2 hesabıyla uduzan Konya klubunda rəhbərlik baş məşqçi dəyişikliyinə qərar verib.
Aleksandr Stanoyeviç bu ilin yanvarından “Konyaspor”a rəhbərlik edirdi. 49 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 26 oyuna çıxarıb, 6 qələbə sevinci yaşayıb, 9 heç-heçə və 11 məğlubiyyət görüb.
Stanoyeviç daha öncə Serbiyanın “Partizan”, “Srem” komandalarına, ölkəsinin U-19 yığmasına da rəhbərlik edib. O, İsrailin “Makkabi” (Hayfa), Çinin “Dalian Aerbin”, “Beijing Guoan”, “Beijing BG”, “Beijing Renhe”, Yunanıstanın PAOK, Səudiyyə Ərəbistanının “Əl-Qadsiya” klublarında da çalışıb.
“Konyaspor” bu mövsüm 9 oyuna cəmi 2 qələbə qazanıb, 3 heç-heçə edib və 4 məğlubiyyətə üzülüb. Komanda 9 xalla 14-cü sırada qərarlaşıb.


