Türkiyə Super Liqasında mübarizə aparan “Ankaragücü” klubunun hücumçusu Ali Sou daha bir mövsüm bu komandada qalacaq.
Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
2022-ci ilin iyulunda Rusiyanın “Rostov” klubundan icarəyə götürülmüş futbolçu Türkiyədə qalmağa qərar verib. Hələlik onun yenidən bir mövsüm icarədə oynayacağı, yoxsa transfer hüquqları ilə birgə Ankara klubuna keçəcəyi dəqiq açıqlanmır. 28 yaşlı forvardın “Rostov”la müqaviləsinin müddəti 2025-ci ilin 30 iyununa qədərdir.
Xatırladaq ki, Ali Sou geridə qalan mövsümdə “Ankaragücü” formasıyla 36 oyuna çıxıb, 16 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Qambiya yığmasında 6 oyun keçirmiş futbolçu 2021-ci ilin fevralında cəlb olunduğu “Rostov”da da 31 matça çıxıb, 7 qol və 1 assistlə yadda qalıb. O, ÇSKA (Sofiya), “Skenderbeu”, “Juve Stabia”, “Viboneze”, “Prato”, “Latina”, “Peskara”, “Leççe”, “Modena” və “Kyevo” kimi klublarda da forma geyinib.
Yeri gəlmişkən, “Ankaragücü” Serbiyadan olan mərkəz müdafiəçisi Uroş Radakoviç, norveçli yarımmüdafiəçisi Qayas Zahid, həmçinin türkiyəli yarımmüdafiəçi Atakan Çankaya ilə yollarını ayırıb. Hər üç futbolçunun klubla müqaviləsinin müddəti başa çatdığı üçün onlar azad agent kimi Ankara təmsilçisi ilə vidalaşıblar.


