İngiltərənin “Liverpul” klubunun və Braziliya millisinin qapıçısı Alisson Bekker təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Arena.az bu barədə Britaniya mətbuatına istinadən xəbər verir.
Premyer Liqanın 7-ci turu çərçivəsində keçirilmiş “Kristal Pelas”la oyunda (1:0) zədələnən 32 yaşlı qapıçının sağalma prosesi təxminən altı həftə çəkəcək. Braziliyalı qolkiperin Premyer Liqada “Çelsi”, “Arsenal”, “Brayton” və “Aston Villa”, həmçinin UEFA Çempionlar Liqasında “Leypsiq” və “Bayer”lə oyunları buraxacağı gözlənilir.
Xatırladaq ki, Alisson “Kristal Pelas”la oyunun 79-cu dəqiqəsində zədələnərək, “qırmızlar”ın çex ehtiyat qapıçısı Viteslav Yaroşla əvəzlənmişdi. Braziliyalı qapıçının dizaltı vətərinin zədələndiyi bildirilir. O, bu zədə səbəbindən yığmanın qarşıdakı toplanışlarını da buraxacaq.
Alisson Bekker “İnternasyonal”ın yetirməsidir. Braziliyalı qapıçı “Liverpul”a 2018-ci ilin iyulunda 62,5 milyon avro məbləğ müqabilində “Roma”dan keçib. Alissonun “qırmızılar”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Alisson “Liverpul” üçün 8 oyun keçirib, 3 qol buraxıb, 5 oyunda qapısının toxunulmazlığını təmin edə bilib.
Alissonun “Liverpul”un heyətində ümumi çıxışı 271 oyun, 239 buraxılmış qol, 119 “quru” oyundan ibarətdir.
Alisson Bekker klub səviyyəsində qazandığı bütün qənimətlərini “Liverpul”la əldə edib: İngiltərə Premyer Liqası (2019/2020), İngiltərə Kuboku (2022), İngiltərə Liqa Kuboku (2022, 2024), Çempionlar Liqası (2018/2019), UEFA Super Kuboku (2019/2020), FIFA Klub Dünya Kuboku (2020).
Alisson 2015-ci ilin oktyabrında debüt etdiyi Braziliya millisinin heyətində 70 oyuna çıxıb. Təcrübəli qapıçı bu oyunlarda 32 qol buraxıb, 44 oyunda isə qapısının toxunulmazlığını təmin edib. Alisson “selesao” ilə Amerika Kubokunun (2019) qalibi olub.
“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı qapıçının transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.