Alisson Bekker: “Heç kim oyunçuların fikrini soruşmur”

“Liverpul”un və Braziliya millisinin qapıçısı Alisson Bekker UEFA Çempionlar Liqasının yeni tərtibatından narazılığını ifadə edib:

Arena.az BBC-yə istinadən məlumat verir ki braziliyalı qapıçı oyunların sayının artırılması və buna müvafiq olaraq futbolçuların iş yükünün artması ilə bağlı müzakirələr zamanı, futbolçuların bu haqda nə düşündükləri barədə kimsənin maraqlanmadığından narazıdır:

“Bəzən heç kim oyunçulardan oyun əlavə etmək barədə nə düşündüklərini soruşmur. Fikrimiz önəmli olmaya bilər, amma nə düşündüyümüzü isə hamı bilir. Daha hər kəs bundan bezib.
Biz də başa düşürük ki, insanlar daha çox oyun istəyirlər, amma bu təqvimi tərtib etməyə cavabdeh olan insanların oturub bütün tərəfləri, o cümlədən oyunçuları da dinləmələri daha ağlabatan olardı.

Əgər yorğunsansa, yüksək səviyyədə rəqabət apara bilməzsən. Mən oynadığım hər oyunda özümü ən yaxşı tərəfdən göstərmək istəyirəm. Hazırda həm futbol, həm də oyunçular üçün bu fəsadı həll etməyə yaxın olduğumuz görünmür”, deyə Alisson Bekker vurğulayıb.

Vurğulayaq ki, daha əvvəl də futbol dünyasından bir çox nüfuzlu futbol adamları – “Real”ın italyan baş məşqçisi Karlo Ançelotti, “Mançester Siti”nin ispan çalışdırıcısı Xosep Qvardiola təqvim sıxlığı ilə bağlı fəsadın həlli üçün futbol məmurlarına səslənmişdilər.

Xatırladaq ki, 2024/2025-cü illər mövsümündən etibarən Avropanın ən mötəbər klub yarışında iştirakçıların sayı 32-dən 36-ya yüksəldilib. Klassik qrup mərhələsi ümumi cədvəllə əvəz edilib. Hər komanda müxtəlif rəqiblərə qarşı 8 oyun keçirəcək. Çempionlar Liqasının yeni tərtibatında üç püşkatma nəzərdə tutulub. Bunlardan birincisi, yarışın birinci mərhələsinə qədər, ikincisi, 9-24-cü yerləri tutmuş klublar arasında ələmə oyunları ərəfəsində, üçüncü püşkatma isə Çempionlar Liqasının 1/8 final mərhələsi ərəfəsində baş tutacaq. İştirakçıların sonrakı cütləri isə yarış səbəti vasitəsilə müəyyənləşdiriləcək.