Almaniya millisi biabırçılıqdan qurtula bilmir

Futbol üzrə Almaniya millisi ötən gün – iyunun 20-də Gelzenkirxendə Kolumbiya yığması ilə yoldaşlıq oyununda üz-üzə gəlib.

Arena.az xəbər verir ki, “Veltins Arena”da baş tutan və Türkiyədən olan hakimlər briqadasının idarə etdiyi oyun cənubiamerikalıların 2:0 hesablı qələbəsi ilə baş çatıb.

54-cü dəqiqədə Xuan Kuadradonun keçidindən sonra matçda Luis Dias hesabı açıb. 82-ci dəqiqədə isə Kuadradonun özü penaltini qola çevirib.

Beləliklə, Almaniya yığması ardıcıl dörd oyundur ki, qələbə qazana bilmir. Hans-Diter Flikin komandası Kolumbiya, Polşa, Ukrayna və Belçika yığmalarına qalib gələ bilməyib. Almanlar belçikalılara və polyaklara uduzublar, ukraynalılarla oyundan isə sülhlə ayrılıblar.

Müvafiq nəticə Almaniya futbol ictimaiyyəti tərəfindən böyük narazılıqla qarşılanıb. Azarkeşlər isə bunu biabırçılıq kimi qiymətləndiriblər.

Xatırladaq ki, Almaniya yığması 2024-cü ildə keçiriləcək Avropa çempionatının təşkilatçısı olaraq seçmə mərhələ oyunlarından azaddır. Bu səbəbdən almanlar gücünü yoldaşlıq oyunlarında sınayırlar.

Ümumiyyətlə Almaniya millisi son beş yoldaşlıq oyunundan yalnız birində qalib gəlib. Almanlar sonuncu dəfə Peru yığmasını 2:0 hesabı ilə məğlub ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: