Alo Koç açıqladı – “Fənərbaxça” Super Liqadan çəkilir?

Türkiyənin “Fənərbaxça” klubunun prezidenti Ali Koç “Trabzonspor”la səfər oyunundan sonra baş verən hadisələrə münasibət bildirib.

Arena.az xəbər verir ki, o, klub telekanalına açıqlamasında Klublar Birliyindən istefa verdiyini açıqlayıb, həmçinin Super Liqadan çəkilməyi nəzərdən keçirəcəklərini bəyan edib:

“Bu, Türkiyə futbolu üçün utancverici bir haldır. Son 13-14 ildə bu iki klubu bir-biri ilə düşmən etmək, klublar arasında zorakılıq və nifrət toxumu səpmək təşəbbüsü ilə çıxış edənlər var. 1996-cı ildən sonra əslində gərginlik artdı, amma belə nifrət toxumu heç vaxt əkilmədi. Bu terror təşkilatı iki klub arasında istədiyi səviyyəyə çatmağı bacarıb. “Trabzonspor” ölkə futbolunun ən önəmli dəyərlərindən biridir. Dünən bizi qonaq etdilər, bəlkə də bizim onları qəbul etdiyimizdən daha yaxşı. İki prezident arasında heç bir problem yoxdur. “Fənərbaxça” olaraq həm özümüzə, həm də “Trabzonspor” camiəsinə uğurlar arzulamaq istəyirik. Trabzon tərəfindən gərginlik yaradılmasına çalışırlar. Bu gərginliyi “Fənərbaxça”ya bağlayacaqlarını eşidirik. İnşallah, bunu etməzlər. Heç bir başçı və idarə heyəti dünən baş verənlərin olmasını istəməz. Trabzonda narıncı jilet geyinmiş özəl mühafizəçilərə təşəkkür edirəm. Bu hadisələrin ən böyük qurbanı “Fənərbaxça” və azarkeşləridir. İdarə Heyəti ilə oturub söhbət etdik. İndi bu iş nəzarətdən çıxıb. İyulun 3-də nə baş verdiyini bilirsiniz. Nə dövlətimiz, nə də futbolu idarə edənlər “Fənərbaxça” ilə bağlı heç bir tədbir görmədilər.

Dünən kiminsə başına bir iş gəlsəydi, bir futbolçu linç edilsəydi, necə olacaqdı? O yerə gəlmişik ki, zorakılığı qanuniləşdirməyə başlayırıq. Dünən baş verənlərə futbol prizmasından baxmayın. Baş verənlər təşkil olunub. Qarşılaşma başladı və vəziyyət addım-addım gərginləşdi. Hakim bunu həyata keçirəndə artıq gec idi və tribunalar coşdu, izdiham daha da ruhlandı. Dənizlidə uduzduğumuz, su savaşı adlanan “Qalatasaray” matçı da ləğv edilməli idi. Dünənki matç da ləğv edilməli idi. Məşəllər stadiona atılır, hakim məşəli görür və oyunu davam etdirir və hesab 2:2 olur. Uduzsaq və ya heç-heçə etsəydik, nə olardı? Daha bir çempionluğumuzu zorakılıqla əlimizdən alacaqdınız?Bütün matçlarımıza polislər gəlib meydanı doldurur. Dünən stadionda polis yox idi”.

“Fənərbaxça” Super Liqadan çəkilsə, Ali Koç postunda qalacaq

“Aprelin 2-də iclas olacaq. Klublar Birliyinin sədrliyindən istefa vermişəm. Biz qurultay üzvlərimizlə birlikdə ümumi yığıncaqda bu məsələnin hara gedəcəyinə qərar verəcəyik. Liqadan çəkilmək qərarına gəlsək, “Fənərbaxça”dan getməyəcəyəm. Bu klubu yenidən Super Liqaya çıxarıb, daha sonra istefa verəcəyəm”.

Xatırladaq ki, ötən gün Super Liqanın 30-cu turu çərçivəsində baş tutan “Trabzonspor” – “Fənərbaxça” oyunu qonaqların qələbəsiylə yekunlaşıb. Matçın ardından İstanbul təmsilçisinin üzvləri qələbəni bayram edərkən trabzonlu fanatlar meydana çıxaraq “Fənərbaxça”nın futbolçularına və məşqçilərinə hücum çəkiblər.

Bahar Rüstəmzadə

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: