Amadeu: “Bunun üçün bütün gücümüzü səfərbər etməliyik”

Futzal üzrə Azərbaycan milli komandasının müdafiəçisi Amadeu DÇ-2024-ün elit-raundu ərəfəsində fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, təcrübəli oyunçu Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında əvvəlcə bunları söyləyib:

“Yol yorğunluğuna rəğmən, Rumıniyadakı ilk məşqimiz normal keçdi. Baş məşqçinin verdiyi tapşırıqları icra etməyə çalışdıq. Zal istənilən səviyyədə deyil. Bizdən əvvəl həndbolçular məşq edib deyə, örtük yapışqan idi. Ümid edirəm növbəti məşqə qədər təmizləyərlər”.

DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində sabah Rumıniya yığması ilə qarşılaşacaq Azərbaycan millisi ötən gün oyunun keçiriləcəyi Buzau şəhərində ilk məşqini reallaşdırıb. Məşqdə taktiki planda tapşırıqları yerinə yetirən futzalçılarımız hazırlığını bu gün oyunöncəsi 1 saatlıq məşqlə davam etdirəcək. Amadeunun sözlərinə görə, komandada əhval-ruhiyyə yüksəkdir:

“Hər kəs qələbə haqda düşünür. Uğurlu başlanğıc növbəti oyunlarda daha yaxşı nəticə qazanmağımız üçün vacibdir. Daha bir məşqimiz var. Elə etməliyik ki, bütün gücümüzü səfərbər edək və bura qədər çəkdiyimiz əziyyətin bəhrəsini görək. Çünki Rumıniya ilə matçdan sonra Bakıda Niderlandla görüş var. Həmin oyuna qalib əhvalda çıxmaq istəyirik”.

Müdafiəçi rəqib haqda bunları deyib: “Rumıniyanın 2 oyununa baxmışam. Heyətlərində braziliya əsilli 4 futzalçı var. Çox çətin oyun olacaq. Şansları qaçırmaq olmaz. Elə oyundur ki, həmin gün kim yaxşı konsantrasiya olsa, imkanları düzgün dəyərləndirsə, qələbə qazanacaq”.

Amadeu qrupla bağlı düşüncələrini də dilə gətirib: “Rumıniya, dediyim kimi güclü rəqiblərdəndir. Onlara qarşı oynamaq digər komandalara da çətin olacaq. Niderland isə hər matçda sürpriz edəcək gücdədir. Son illərdə onlar inkişafdadır, heyətlərində fərdi qabiliyyətinə görə seçilən oyunçular var. Birəbirdə güclüdürlər. Qazaxıstan yığması haqda isə geniş danışmağa dəyməz. Onlar son illərdə böyük yarışların final mərhələsində oynamağa adət ediblər. Qrup lideri olmaq baxımından komandamızın şansı 50-nin 50-yədir”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: