“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim ingilis hücumçu Markus Raşfordu heyətdən kənarlaşdırmasını əsaslandırıb.
Arena.az ESPN şəbəkəsinə istinadən, portuqal mütəxəssisin müvafiq qənaətini təqdim edir:
“Mən hər gün Raşfordla söhbətləşirəm. Söhbət müsahibədən yox, çıxışdan gedir. Bu, mənim qərarımdır, yalnız mənim (Raşfordu İngiltərə Premyer Liqası oyunları üçün heyətdən kənarlaşdırmaq – redaktorun qeydi). Mən hər şeyi özümə müvafiq surətdə icra etməyə çalışıram və bunun nə üçün olduğunu bilirəm. Əgər mən öz fikrimdə qalmasam, özümü itirəcəyəm.
Raşfordun yenidən heyətə düşməsi üçün nə etməsi gərəkdir? Ən yaxşı olmaq üçün mümkün olan hər bir xüsusu icra etməsi. Mənim üçün Markusla bağlı vəziyyət diqqət yayındıran amil deyil. Bütün oyunçular mənim onlardan və Raşforddan nə istədiyimi bilirlər. Bu, komanda üçün bir fəsad ola bilər. Ola bilsin ki, bu məsələ mətbuatın diqqətini yayındırsın, amma bu, məni narahat etmir”, deyə Amorim qətiyyətlə vurğulayıb.
Xatırladaq ki, Amorim Raşfordu son üç oyunda “Mançester Yunayted”in heyətinə daxil etməyib.
Daha əvvəl “Mançester Yunayted”in Raşfordu qarşıdakı qış transfer pəncərəsində satmağa hazır olduğu haqda məlumat yayılmış, Raşford isə yeni çağırışa – “Mançester Yunayted”i tərk etməyə hazır olduğunu bildirmişdi. İngilis hücumçunun xidmətində maraqlı klublar olsalar da, maaşının yüksək olması səbəbindən futbolçu ilə danışıqlara girmirlər. Bu səbəbdən “Mançester Yunayted”in Raşfordu qarşıdakı qış transfer pəncərəsində sata bilməyəcəyi təxmin edilir.
Markus Raşford “Mançester Yunayted”in yetirməsidir. İngilis futbolçu 2016-cı ilin yanvarından “qırmızı şeytanlar”ın əsas komandasında çıxış edir. Raşfordun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Raşford cari mövsümdə “qırmızı şeytanlar” üçün bütün yarışlarda 24 oyun keçirib, 7 qol və 3 məhsudlar ötürmə ilə fərqlənib.
Markusun “Mançester Yunayted”in heyətində çıxışının ümumi mənzərəsi isə 426 oyun, 138 qol və 63 məhsuldar ötürmədən ibarətdir.
İngilis hücumçu “Mançester Yunayted”lə Avropa Liqasının (2016/2017), İngiltərə Kubokunun (2016, 2024), İngiltərə Liqa Kubokunun (2017, 2023), İngiltərə Super Kubokunun (2016/2017) qalibi olub. Raşford 2019/2020-ci və 2022/2023-cü illər mövsümlərində “Mançester Yunayted”də ilin futbolçusu seçilib.
Raşford 2016-cı ilin may ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 60 oyuna, 17 qol vurub və 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 27 yaşlı ingilis sol cinah hücumçusunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.


