Andrea Ranokkiya klubsuz qaldı

Futbol üzrə İtaliya yığmasının sabiq müdafiəçisi Andrea RanokkiyaMontsa”dan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə A Seriyası klubunun rəsmi saytı məlumat yayıb.

34 yaşlı futbolçunun klubla müqaviləsini ləğv etdiyi diqqətə çatdırılıb. Ayrılığa təcrübəli müdafiəçinin avqustun 21-də A Seriyasının 2-ci turunun “Napoli” ilə səfər oyununda aldığı ağır zədə səbəb olub. Ranokkiyanın sağ ayağından aldığı bu zədənin tam sağalması üçün azı 3 ay lazım olduğu bildirilir. Lakin zədədən sonra oyunçunun əvvəlki formasını bərpa etməsi üçün də çox vaxt lazım olacağı üçün, tərəflər yollarını ayırmağa qərar veriblər. O, bu komandada cəmi 2 matça çıxıb.

Andrea Ranokkiya bu ilin iyul ayında Milan “İnter”indən azad agent kimi ayrılaraq “Montsa” ilə 2 illik müqavilə bağlamışdı. 2010-cu ildən “İnter”də olan mərkəz müdafiəçisi, bu müddətdə “Cenoa”, “Sampdoriya” və “Hall Siti”də icarədə də oynamışdı. O, daha öncə “Aretso” və “Bari”də də forma geyinib. Ranokkya İtaliya yığmasında da 21 oyun keçirib.

“Montsa” A Seriyasının digər təmsilçisi “Fiorentina”dan Qabriele Ferrarini də icarəyə götürdüyünü açıqlayıb. 22 yaşlı sağ cinah müdafiəçisi mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. İtaliyalı futbolçu daha öncə “Peruca”, “Venetsiya” və “Pistoyeze”də də icarədə olub.

“Fiorentina” rusiyalı hücumçusu Aleksandr Kokorini də Kiprin “Aris” (Limassol) klubuna icarəyə verib. 31 yaşlı forvard 2023-cü ilin 30 iyununa kimi icarədə olacaq. O, 2021-ci ilin yanvarından formasını geyindiyi “Fiorentina”da cəmi 11 oyuna çıxıb və qol vura bilməyib. Hücumçu daha öncə “Dinamo” (Moskva), “Anji”, “Zenit”, “Soçi”, “Spartak” (Moskva) klublarında da oynayıb. O, Rusiya yığmasında 48 oyuna 12 qol vurub.

“Fiorentina”nın mərkəz müdafiəçisi Matiya Nastasiç isə azad agent kimi İspaniyanın “Malyorka” klubuna keçib. Serbiyalı futbolçu yeni klubu ilə 1+1 illik müqavilə bağlayıb. Ötən mövsüm Florensiya klubunda cəmi 6 matça çıxan Nastasiç, 2011-2012-ci illərdə də bu komandada oynayıb. O, “Partizan”, “Teleoptik”, “Mançester Siti” və “Şalke”də də forma geyinib. Müdafiəçi Serbiya yığmasında 34 matça çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: