İspaniyanın “Betis” klubunun yarımmüdafiəçisi Andres Quardado Meksika milli komandasındakı karyerasını başa vurub. Arena.az xəbər verir ki, o, bu qərarını sosial şəbəkə hesabında açıqlayıb.
36 yaşlı futbolçu 17 ildən çoxdur formasını geyindiyi millidən getdiyini bəyan edib. O, milli karyerası ərzində ona dəstək olan hər kəsə, azarkeşlərə, çiyin-çiyinə oynadığı futbolçulara, çalışdığı məşqçilərə və texniki heyətə minnətdarlığını bildirib.
Xatırladaq ki, Andres Quardado Meksika yığma komandasında 2005-ci ilin dekabr ayında debüt edib. O, həmin dövrdən bəri millidə 181 oyuna çıxıb. Dayaq yarımmüdafiəçisi bu görüşlərdə 28 qol da vurub.
Quardado Qətərdəki DÇ-2022-də forma geyinməklə beş dünya çempionatında oynamış altıncı futbolçu olub. Məhz mundialın qrup mərhələsi çərçivəsində baş tutan Argentina ilə matç onun yığmadakı sonuncu oyunu olub. Həmin oyunda meksikalılar 0:2 hesablı məğlubiyyətə üzülmüşdülər.
Quardado 2017-ci ildən “Betis”də forma geyinir. O, La Liqa təmsilçisində 196 oyuna çıxıb, 5 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli oyunçu “Deportivo”, PSV, “Valensiya”, “Atlas” (Quadalaxara) və “Bayer” klublarının da formasını geyinib.