“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu İngiltərə Premyer Liqasının 13-cü turunda “Aston Villa”ya məğlubiyyətini (1:2) şərh edib.
Arena.az “Tottenhem”in rəsmi saytına istinadən, “Ange”nin bu barədə fikirlərini təqdim edir:
“Nəticə məyusedicidir – azarkeşlərimizi və xüsusən də oyunçularımızı məyus edir, çünki düşünürəm ki, biz necə oynayırdıq, onların nümayiş etdirdiyi niyyət necə idi… biz bu oyundan nəsə almağa layiq idik. İstənilən başqa gündə rahat qalib gələrdik. Ona görə də təbii ki, onların mükafat almaması məni məyus edir, azarkeşlərimiz isə futbolda qələbə sevincindən məhrumdurlar.
Oynadığımız oyundan çox razı qaldım. Bəzi məqamlarda bütün mövsüm boyu oynamadığımız kimi yaxşı oynadıq. Aydındır ki, biz oyunumuzun layiq olduğu mükafatı almadıq və bəzən futbolda belə olur, bu, incə hüduddur”, deyə Angelos Postekoqlu bildirib.
Məğlubiyyət “Tottenhem”i liderlər qrupundan bir qədər uzaq salıb. İndi “mahmızlar” 26 xalla Premyer Liqanın turnir cədvəlində 5-ci pillədə qərarlaşıblar. Qələbə “Aston Villa”ya xal ehtiyatını 28-ə çatdırmağa və “Tottenhem”i qabaqlamağa imkan verib, “şirlər” indi 4-cü pillədə qərarlaşıblar. Üstəlik, “Mançester Yunayted” (24 xal) və “Nyukasl” (23 xal) indi “Tottenhem”in təqibçisinə çevriliblər. Premyer Liqaya 30 xalla “Arsenal” başçılıq edir.
Məğlubiyyət “Tottenhem”in xoşagəlməz rekord sahibi olmasına səbəb olub. Belə ki, “mahmızlar” Premyer Liqanın başlanğıcında ilk 10 oyununda məğlubiyyətsiz silsilədən (8 qələbə, 2 heç-heçə) sonra ardıcıl 3 oyunda məğlub olmuş ilk komanda kimi tarixə düşüblər.
Daha bir maraqlı məqam isə “Tottenhem”in koreyalı hücumçusu Son Hın Minin bu oyunda 3 qol vurması və hər üç qolun oyundankənar vəziyyət səbəbilə qeydə alınmaması olub. Həmçinin qonaqların ingilis mərkəz hücumçusu Olli Uotkinsin də vurduğu 1 qol eyni səbəbdən hesaba alınmayıb.