Anton Ştax Bundesliqada klubunu dəyişdi – 11 milyon avroya

Futbol üzrə Almaniya millisinin və “Maynts”ın mərkəz yarımmüdafiəçisi Anton Ştax Bundesliqanın digər təmsilçisi “Hoffenhaym”a keçib.

Arena.az xəbər verir ki, 24 yaşlı futbolçunun transferi yeni klubuna 11 milyon avroya başa gəlib.

Anton Ştax yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. O, 2021-ci ildən “Maynts”ın uğurları üçün çalışırdı. Yarımmüdafiəçi daha öncə “Qroyter”, “Volfsburq” kimi klublarda da oynayıb, Almaniya yığmasında 2 oyun keçirib.

“Maynts” mərkəz müdafiəçisi Aleksandr Hakı da Səudiyyə Ərəbistanının “Əl-Qadsiya” klubuna satıb. Bundesliqa təmsilçisi 30 yaşlı futbolçunun satışından 1,5 milyon avro qazanıb. Alman müdafiəçi yeni klubu ilə 2 illik müqavilə bağlayıb. O, daha öncə “Unterhaxinq”, “Memmingen” kimi klubların da formasını geyinib.

“Maynts” sol cinah vingeri Delano Burqzorqla sağ cinah vingeri Ben Bobzieni də icarəyə verib. Onlar müvafiq olaraq “Haddersfild” və “Austria Lustenau” klublarına keçiblər. Hər iki futbolçu mövsümün sonuna kimi icarədə olacaq. “Haddersfild”in 24 yaşlı niderlandlının transfer hüquqlarını almaq öhdəliyi də var. Avstriya klubu ilə 20 yaşlı alman futbolçunu mövsümün sonunda “Maynts”a qaytaracaq.

“Maynts”ın sol cinah müdafiəçisi Anderson Lukoki isə “Herta”ya keçib. Almaniya vətəndaşlığı da olan anqolalı futbolçu yeni klubu ilə 1 illik müqavilə bağlayıb. 26 yaşlı müdafiəçi “Fortuna” (Düsseldorf), “Arminiya” (Bilefefld), “Hanza” (Rostok) kimi klublarda da forma geyinib, Anqola yığmasında 1 matça çıxıb.

“Herta”nın sağ cinah müdafiəçisi Marko Rixter də “Maynts”a keçib. Klub bu transfer üçün 3 milyon avrosundan keçib. 25 yaşlı almanla 4 illik müqavilə imzalanıb. Almaniyanın gənclərdən ibarət yığmalarında da oynamış futbolçu “Herta”dan əvvəl yetirməsi olduğu “Auqsburq”un uğurları üçün çalışıb.

“Maynts” Niderlandın PSV klubundan sağ cinah müdafiəçisi Filipp Mveneni də transfer edib. Almaniya klubu 29 yaşlı futbolçunun keçidi üçün 1 milyon avro “tərləyib”. Avstriyalı oyunçu ilə 3 illik müqavilə imzalanıb. Mvene PSV-dən öncə məhz “Maynts”da çıxış edib. O, Almaniyada “Kayzerslautern”in də uğurları üçün çalışıb. Müdafiəçi Avstriya yığmasında da 8 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: