Antonio Konte “Napoli”də qalmağa qərar verdi – Rəsmi

“Napoli”nin baş məşqçisi, 55 yaşlı italyan mütəxəssis Antonio Konte “eşşəkciklər”in sükanı arxasındakı fəaliyyətini davam etdirəcək.

Arena.az “Napoli”nin mətbuat xidmətinə istinadən məlumat verir ki, Konte Neapol təmsilçisi ilə işləməyə davam etmək haqda qərar verib.

Neapol klubunun mətbuat xidməti klubun rəsmi sosial şəbəkə hesabları üzərindən Konteyə aid videoçarx yayımlayaraq, bunu “Yenidən səninlə” ifadəsi ilə şərh edib.

Xatırladaq ki, daha əvvəl Kontenin “Napoli”dən ayrılaraq, “Yuventus”a keçəcəyi haqda xəbər yayılmışdı.

Antonio Konte “Napoli”nin sükanı arxasına ötən ilin iyul ayından fəaliyyətə başlayıb. Neapol təmsilçisi Konte ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. “Napoli”, italyan mütəxəssisin qarşısına komandanı rəqabətəqadir, iddialı kollektivə çevirmək tapşırığı qoyub. 55 yaşlı əzmkar Konte isə bu yükün altına inamla çiyin verib.

Rəhbərliyi müddətində Konte “eşşəkciklər”i 41 oyuna çıxarıb, 26 qələbə, 10 heç-heçə, 5 məğlubiyyət yaşayıb. “Napoli”nin top fərqi isə 69:33 nisbətindədir.

Kontenin “Napoli”si İtaliya A Seriyasını 82 xalla yarış cədvəlininin zirvəsində çempion olaraq tamamlayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: