Antonio Nusa 22 milyon avroya “Leypsiq”də

Belçikanın “Brügge” klubunun və Norveç milli komandasının sol vingeri Antonio Nusa bundan sonra “Leypsiq”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Almaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bundesliqa təmsilçisi bu transferi 22 milyon avroya rəsmiləşdirib. 19 yaşlı futbolçu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb. Gənc yarımmüdafiəçi yeni klubunda 7 nömrəli formanı geyinəcək.

Əslən Nigeriyadan olan, Norveçdə dünyaya göz açmış Antonio Nusa bu ölkənin “Stabek” klubunun yetirməsidir. “Brügge” onu 2021-ci ilin avqust ayında Norveç klubunan 3 milyon avro müqabilində heyətinə qatmışdı. Nusa Belçika klubunun əsas komandasında 86 oyuna çıxıb, 7 qola imza atıb, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Norveçin U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında da oynamış gənc vinger, 2023-cü ilin sentyabr ayında əsas millidə debüt edib. O, Norveç yığmasında indiyə qədər 7 oyuna çıxıb, 1 qol vurub, 5 məhsuldar ötürmə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: