Futbol üzrə İngiltərə Federasiya Kubokunun “Çelsi” ilə final oyunu “Mançester Siti”nin vingeri Antuan Semenyo üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, qanalı futbolçu 1:0 hesablı qələbəyə sevindikləri görüşdə yeganə qolu vurmaqla komandasına titul qazandırıb.
Bununla da Semenyo İngiltərə kubokunun finalında fərqlənmiş ilk qanalı futbolçu kimi tarixə düşüb.
Qana millisinin də üzvü olan Antuan Semenyo “Mançester Siti”yə bu ilin yanvarında “Bornmut”dan 72 milyon avro müqavilində keçib. Onun Mançester klubu ilə 2031-ci ilin 30 iyununadək müqaviləsi var.
Semenyo “şəhərlilər”in heyətində 25 oyuna çıxıb, 10 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, Antuan Semenyo İngiltərədə dünyaya göz açıb. O, peşəkar karyerasına yetirməsi olduğu “Bristol Siti”də başlayıb. Semenyo “Bat Siti”, “Nyuport Kaunti” və “Sanderlend” klublarında icarədə də oynayıb. “Bornmut” onu 2023-cü ilin yanvarında 10,25 milyon avro müqabilində heyətinə qatmışdı.
Semenyo 2022-ci ilin iyun ayında Qana milli komandasında debüt matçına çıxıb. İndiyə qədər yığmada 34 matç keçirmiş futbolçu 3 qol vurub, 1 assist müəllifi olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı vingerin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.


