Argentina prezidenti milliyə görə ölkədə istirahət günü elan edə bilər

Argentina prezidenti Xavyer Miley futbol üzrə millinin istəyindən asılı olaraq ölkədə ümummilli istirahət günü elan etməyə hazır olduğunu bildirib.

Arena.az xəbər verir ki, dövlət başçısı bu barədə X sosial şəbəkəsində paylaşım edib.

O qeyd edib ki, dünya çempionatındakı çıxışını azarkeşlərlə birlikdə qeyd etmək istəyəcəkləri təqdirdə futbolçular və məşqçilər korpusunun seçəcəyi gün rəsmi istirahət günü olacaq.

Argentina prezidenti paylaşımında bunları yazıb:

“Argentina millisinin əldə etdiyi nəticələrin qeyd olunmasına böyük marağı nəzərə alaraq bildirirəm ki, futbolçular və məşqçilər korpusu bayram tədbirlərinin keçiriləcəyi gün barədə qərar verdikdən sonra həmin tarix ölkədə milli istirahət günü elan ediləcək”.

Bununla yanaşı, dünya çempionatının finalından sonra Buenos-Ayresin əsas rəmzlərindən olan Obelisk abidəsində Argentina millisinə təşəkkür mesajı nümayiş etdirilib.

Abidənin üzərinə baş məşqçi Lionel Skaloninin rəhbərlik etdiyi yığmanın ləqəbi olan “Skaloneta, təşəkkürlər!” sözləri proyeksiya olunub. Daha sonra isə komandanın mundial ərzində vurduğu qollardan ibarət videoçarx göstərilib.

Obelisk ənənəvi olaraq Argentina millisinin uğurlarının qeyd olunduğu əsas məkandır. Final görüşündən əvvəl də yüzlərlə azarkeş burada toplaşıb. Hakimiyyət orqanları təhlükəsizlik məqsədilə abidənin ətrafına baryerlər quraşdırıb və əlavə polis qüvvələri cəlb edib.

Qeyd edək ki, Argentina millisi 2026-cı il dünya çempionatının finalında İspaniyaya əlavə vaxtda 0:1 hesabı ilə məğlub olaraq gümüş medallarla kifayətlənib. Buna baxmayaraq, komandanın vətənə qayıdışının böyük izdihamla qarşılanacağı gözlənilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: