“Arsenal” qələbə rekordunu yenilədi

Futbol üzrə İngiltərə Premyer Liqasının lideri “Arsenal” özünün bir mövsümdə ən çox qələbə qazanmış komanda rekordunu yeniləyib.

Arena.az xəbər verir ki, Premyer Liqanın 2025/2026-cı illər mövsümünün 36-cı turunda “Vest Hem” üzərində 1:0 hesablı qələbə qazanmış London təmsilçisi bütün turnirlər çərçivəsində 42-ci qələbəsini rəsmiləşdirib.

Bununla da “topçular” klub tarixinin rekordunu yeniləyib. Komandanın əvvəlki göstəricisi 1970/1971-ci illər mövsümündə qeydə alınmış 41 qələbə idi.

Xatırladaq ki, hazırda “Arsenal” 36 oyundan sonra 79 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edir. “Mançester Siti” 74 xalla ikinci pillədə qərarlaşıb və ehtiyatda bir oyunu var.

Mikel Artetanın rəhbərlik etdiyi kollektiv UEFA Çempionlar Liqasının finalına da vəsiqə qazanıb. Londonlular mayın 30-da Budapeştdəki “Ferens Puşkaş” stadionunda PSJ (Fransa) ilə qarşılaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: