“Arsenal”ın 3 azarkeşi 3 il müddətinə futboldan kənarlaşdırıldı

“Arsenal”ın 3 azarkeşi yersiz şüar səsləndirməkdə təqsirli bilinərək, futbol tədbirlərinə qatılmaqdan 3 il müddətinə məhrum edilib.

Arena.az məlumat verir ki, hadisə bu il yanvarın 7-də İngiltərə Kubokunun “Liverpul”la oyunu (0:2) zamanı baş verib.

Üç xuliqan “topçu” azarkeş 1989-cu ildə “Hillsboro” stadionunda oyun zamanı izdiham nəticəsində 96 “Liverpul” azarkeşinin həyatını itirdiyi faciə ilə bağlı yersiz şüarlar səsləndirərək, hadisəni məsxərəyə qoyublar.

“Arsenal” öz rəsmi saytında, sözügedən biabırçılığa yol vermiş azarkeşlərinin cəzalandırılmasına münasibəti haqda bəyanatla çıxış edib:

“Biz bu iyrənc davranışı qətiyyətlə pisləyirik. Tez bir zamanda tədbir görülməsini təmin etmək üçün polislə sıx əməkdaşlıq etdik və onların futbolu ziyarət etmələrinin qadağan edilməsini alqışlayırıq.
Biz faciə haqqında tərənnüm şüarlarına dözümsüzlüklə yanaşırıq və müvafiq davranışa görə məsuliyyət daşıyanlara qarşı hər zaman sərt tədbirlər görəcəyik”, – “topçular”ın düşərgəsi rəsmi mövqeyini açıqlayıb.

Öz növbəsində İngiltərə Premyer Liqası da “Arsenal”la həmrəy olduğunu rəsmi bəyanatı ilə nümayiş etdirib, xuliqan azarkeşlərin müvafiq davranışını pisləyib:

“Biz futbol faciələri ilə bağlı sui-istifadəni qətiyyətlə pisləyirik və bu şəxslərə qarşı çevik tədbirlər görməkdə “Arsenal” və polisi tam dəstəkləyirik.

Faciələrə toxunan şüarlar qəbuledilməzdir. Biz klublar, İngiltərə Futbol Assosiasiyası (The FA) və İngiltərə Futbol Liqası ilə birlikdə bu fəsadı həll etmək üçün birgə işləməyə sadiqik”, – İngiltərə Premyer Liqası özünün rəsmi “X” sosial şəbəkə hesabı üzərəindən mövqeyini bildirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: