“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 5-ci turu çərçivəsində “Brayton”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, ispaniyalı mütəxəssis 0:3 hesabıyla uduzduqları matçda “Brayton”un qələbəyə layiq olduğunu bildirib:
“Rəqib bu matçda qələbəni tamamilə haqq etdi. Biz uzun müddət ən sadə elementləri belə düzgün yerinə yetirə bilmədik. Xüsusilə də ilk hissədə. Çoxsaylı təkbətək mübarizələri uduzduq, topun geri qayıtdığı epizodlarda üstünlük qazana bilmədik.
Özümüzə qoyduğumuz standartlardan, eləcə də ümumilikdə Premyer Liqanın tələblərindən aşağı səviyyədə çıxış etdik. Fürsətləri bu qədər səmərəsiz istifadə edəndə qalib gəlmək mümkün deyil. “Brayton”u gördüyü işə görə təbrik etmək istəyirəm. Bu, bizim üçün ciddi dərsdir”.
Hürtseler: “Belə anlardan zövq almağı bacarmaq vacibdir”
“Brayton”un baş məşqçisi Fabian Hürtseler isə “Arsenal” üzərində qələbəni belə şərh edib. Almaniyalı mütəxəssis komandasının çıxışından qürur duyduğunu bildirib:
“Bu qələbə xüsusidir. Təkcə ona görə yox ki, ötən mövsüm İngiltərənin ən yaxşı komandası ilə qarşılaşırdıq, həm də matçı necə keçirdiyimizə görə. Futbolçularımla qürur duyuram. Belə anlardan zövq almağı bacarmaq vacibdir. Eyni ruhda davam etmək lazımdır”.


