Fransanın “Renn” klubunun belçikalı mərkəz müdafiəçisi Artur Teate bundan sonra Frankfurt “Ayntraxt”ının uğurları üçün çalışacaq.
Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir.
Bundesliqa təmsilçisi 24 yaşlı futbolçunu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Keçidin maliyyə detalları açıqlanmır.
Artur Teate Belçikanın “Genk” və “Standard” (Lyej) klublarının yetirməsi hesab olunur. “Ostende” və “Bolonya” klublarında da forma geyinmiş müdafiəçi “Renn”ə 2022-ci ildə 19 milyon avro müqabilində İtaliya klubundan keçmişdi. Belçikalı futbolçu Liqa 1 təmsilçisinin heyətində 82 oyun keçirib, 8 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Artur Belçikanın aşağı yaş qrupları üzrə müxfəlif yığmalarında oynayıb. 2021-ci ildən əsas millidə çıxış edən müdafiəçi 18 oyunda 2 məhsuldar ötürmə müəllifi olub.
Artur Teateni heyətinə qatmış “Ayntraxt” sol vingeri Farid Alidunu da “Verona”ya icarəyə verib. İtaliya klubu da əslən Toqodan olan almaniyalı futbolçunu bu mövsümün sonunadək satın almaq şərti ilə icarəyə götürüb.
Farid Alidu “Hamburq”un yetirməsidir. 2022-ci ildən “Ayntraxt”da olan 23 yaşlı vinger bu klubun əsas komandasında 21 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb. O, ötən mövsüm “Köln”də də icarədə olub. Alidu Almaniyanın U-20 və U-21 yığmalarında da çıxış edib.
Alidunu heyətinə qatmış “Verona” öz vingerlərindən Jordi Mboula ilə yollarını ayırıb. Əslən Konqodan olan 25 yaşlı ispaniyalı futbolçu “Jil Visente”yə keçib. O, Portuqaliya klubu ilə 2 illik müqavilə bağlayıb.
Jordi Mboula “Barselona”nın yetirməsidir. “Monako”, “Serkl Brügge”, “Hueska”, “Malyorka”, “Eştoril”, “Rasinq” kimi klublarda da oynamış futbolçu, “Verona”da cəmi 13 oyun keçirib, 1 qol və 1 assistlə yadda qalıb. O, İspaniyanın U-16, U-17 və U-19 yığmalarında da oynayıb.


