Arturo Vidal “İnter”dən ayrıldı

Futbol üzrə Çili milli komandasının yarımmüdafiəçisi Arturo Vidal İtaliyanın “İnter” klubundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. 35 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Arturo Vidal 2020-ci ilin sentyabrında İspaniyanın “Barselona” klubundan ayrılaraq “İnter”lə müqavilə imzalamışdı. O, Milan təmsilçisinin heyətində iki mövsüm ərzində 71 matça çıxıb və 4 qola imza atıb.

Vidal “İnter” və “Barselona”dan öncə “Kolo-Kolo”, “Bayer”, “Yuventus” və “Bayern” klublarının da formasını geyinib. O, Çilli milli komandasının heyətində meydana çıxdığı 133 matçda 32 qol vurub. Təcrübəli oyunçunun Braziliyanın “Flamenqo” klubuna keçəcəyinə dair xəbərlər olsa da, bu, hələ rəsmi təsdiqini tapmayıb.

“İnter” gənc müdafiəçisi Franko Karbonini də “Kalyari”yə icarəyə verib. Klubun rəsmi saytının məlumatına görə, 19 yaşlı sol cinah müdafiəçisi satınalma şərti ilə icarəyə verilib. Amma müqavilədə futbolçunun geri satınalma şərti də var. Argentinalı futbolçu ölkəsinin U-20 milli komandasına da dəvət alır.

Xəbəri sosial şəbəkələrdə paylaş: