“Aston Villa” Suzuki və Ruceri ilə gücləndi

İngiltərənin “Aston Villa” klubu “Parma”dan qapıçı Zion Suzukinin və Madrid “Atletiko”sundan müdafiəçi Matteo Rucerinin transferini açıqlayıb.

Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Hər iki keçid daimi əsasla reallaşıb. “Aston Villa” yeni transferləri ilə müqavilənin müddətini və digər detallarını açıqlamasa da, tərəflərin ən azı 5 illik müqaviləyə imza atdığı ehtimal olunur. Premyer Liqa təmsilçisi Suzukinin transferi üçün “Parma”ya 30, Rucerinin keçidi üçün “Atletiko”ya 25 milyon avro ödəyib.

Xatırladaq ki, Zion Suzuki “Urava Red Daymonds”un yetirməsidir. O, 2023/2024-cü illər mövsümündə “Sent-Trüden”in də formasını geyinib.

Suzuki 2024-cü ilin yayında 8,2 milyon avro müqabilində “Parma”ya cəlb edilmişdi. 23 yaşlı qolkiperin bu klubla 2029-cu ilin 30 iyununadək müqaviləsi mövcud idi.

Yapon qapıçı “Parma”nın heyətində keçirdiyi 59 oyunda 83 qol buraxıb, 13 matçdan “quru” çıxıb.

Suzuki 2022-ci ilin yayında debüt etdiyi Yaponiya yığmasının heyətində 28 oyuna çıxıb, 19 qol buraxıb, 16 oyunda qapısını toxunulmaz saxlayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı qapıçının transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Sol cinah müdafiəçisi olan Matteo Ruceri isə ötən yay “Atalanta”dan “Atletiko”ya keçmişdi. Madrid təmsilçisi bu transfer üçün İtaliya klubuna 17 milyon avro ödəmişdi. 24 yaşlı futbolçu İspaniya klubunun heyətində 47 oyun keçirib, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Matteo Ruceri “Atalanta”nın yetrməsidir. O, Berqamo klubunun əsas komandasının heyətində bütün yarışlarda 109 oyun keçirib, 2 qol vurub və 10 məhsuldar ötürmə verib. İtaliyalı yarımmüdafiəçi bir müddət “Salernitana”da da oynayıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı müdafiəçinin transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: