İtaliyanın “Atalanta” klubu belçikalı yarımmüdafiəçi Şarl De Ketelareni A Seriyasının digər təmsilçisi “Milan”dan satın alıb.
Arena.az xatırladır ki, Berqamo təmsilçisi belçikalı futbolçunu 2023/2024 mövsümünün əvvəlində “Milan”dan icarəyə götürmüşdü.
Uğurlu mövsüm keçirən futbolçunun icarə müqaviləsi 2024-cü ilin yayında başa çatacaqdı. “Atalanta” satınalma şərti ilə icarəyə götürdüyü futbolçunun transfer hüquqlarını da almağa qərar verib. Berqamo təmsilçisi bunun üçün 22 milyon avrosundan keçib. Klub bir illik icarə üçün də “Milan”a 3 milyon avro ödəmişdi.
Xatırladaq ki, daha əvvəl Ketelarenin özü də daimi oyun təcrübəsi qazanmaq istəyini səbəb gərirərək, Berqamo klubunda qalmaq arzusunu bildirmişdi.
“Milan” Şarl De Ketelareni 2022-ci ilin avqust ayında “Brügge”dən 36,5 milyon avro qarşılığında transfer etmişdi. O, “Milan”da 40 oyuna cəmi 1 məhsuldar ötürmə müəllifi olub. Belçikalı futbolçunun milanlılarla müqaviləsi 2027-ci ilin 30 iyununa qədər idi.
“Milan”dan öncə yalnız “Brügge”də oynamış yarımmüdafiəçi Belçika millisində də 15 oyuna çıxıb, 2 qol vurub.
Şarl de Ketelare “Atalanta”da daha uğurlu çıxış edir. 23 yaşlı hücumameyilli yarımmüdafiəçi bu komandanın heyətində 50 oyun keçirib, 14 qol və 11 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 23 yaşlı belçikalı futbolçunun transfer dəyərini 34 milyon avro məbləğində qiymətləndirir.


