Avropa çempionatı: Azərbaycan millisi 4-cü yeri tutdu

Rumıniyanın paytaxtı Buxarest şəhərində 23 yaşadək güləşçilər arasında təşkil olunmuş (U-23) Avropa çempionatı davam edir. Arena.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.

Qitə birinciliyinə məşqçilər Həsən Əliyev, Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında tam heyətlə yollanan millimizin 4 üzvü fəxri kürsüyə qalxıb. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medal qazanıb.

Toplamda 123 xal toplayan Azərbaycan yığması komanda hesabında 4-cü yeri tutub. Millimiz ilk “3-lük”də yer alan Türkiyə (127), Ukrayna (126) və Gürcüstandan (125) cüzi fərqlə geri qalıb. Buna baxmayaraq, medalların əyarına görə, məhz Azərbaycan ən yaxşı nəticəyə imza atan ölkə olub.

Millimiz bu yarışda iki rekordunu yeniləyib. Komandamız həm toplanan xallara, həm də medalların əyarına görə özünün ən yaxşı nəticəsini gerçəkləşdirib.

Xatırladaq ki, martın 13-dən start götürmüş Avropa çempionatı ayın 19-da yekunlaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: