Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Arena.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.
Gecənin ilk matçında İngiltərənin “Lester Siti” komandası Niderlandda PSV-nin qonağı olub. Lesterdəki qarşılaşmada hesab açılmamışdı. Üç qolun qeydə alındığı cavab görüşündə sevinən tərəf İngiltərə təmsilçisi olub.
Niderlandın digər təmsilçisi “Feyenoord” isə Çexiyanın paytaxtı Praqada “Slaviya” ilə qarşılaşıb. Bu komandalar arasındakı ilk oyunda da qalib müəyyənləşməmişdi. Amma cavab görüşündə niderlandlılar inamlı qələbə qazanmaqla yarımfinala çıxıblar.
Pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Marsel “Olimpik”i Yunanıstanda PAOK-la üz-üzə gəlib. Fransa təmsilçisi ilk görüşdə olduğu kimi, bu dəfə də qələbə qazanıb və mərhələ adlayıb.
Turnirin favoritlərindən İtaliya “Roma”sı Norveçin “Bodo Qlimt” klubunu sınağa çəkib. “Canavarlar” səfərdə rəqibinə uduzmuşdu. İtaliya təmsilçisi cavab matçında 4 cavabsız qolla qalib gələrək yarımfinala yüksəlib. Bu, cari mövsümdə sözügedən komandaların dördüncü qarşılaşması idi. Qrup mərhələsində də rəqib olan komandaların həmin oyunlarından biri heç-heçə bitmişdisə, digərində “Bodo Qlimt” evdə 6:1 hesablı darmadağına sevinmişdi. Amma Joze Mourinyonun komandası bu dəfə əvvəlki məğlubiyyətlərin qisasını norveçliləri turnirdən kənarlaşdırmaqla alıb.
Beləliklə, Avropa Konfrans Liqasında finala vəsiqə uğrunda “Lester Siti” “Roma”yla, “Feyenoord” isə Marsel “Olimpik”i ilə üz-üzə gələcək. Bu komandalar arasındakı ilk oyunlar aprelin 28-də, cavab qarşılaşmaları isə mayın 5-də keçiriləcək.
Avropa Konfrans Liqası
1/4 finalın cavab oyunları
14 aprel
PSV (Niderland) – “Lester Siti” (İngiltərə) 1:2
Qol: Zahavi, 27 – Meddison, 77. R.Pereyra, 88.
İlk oyun – 0:0
“Slaviya” (Praqa, Çexiya) – “Feyenoord” (Niderland) 1:3
Qol: Traore, 14 – Dessers, 2; 59. Sinisterra, 78.
İlk oyun – 3:3
PAOK (Yunanıstan) – “Olimpik” (Marsel, Fransa) 0:1
Qol: Payet, 34.
İlk oyun – 1:2
“Roma” (İtaliya) – “Bodo Qlimt” (Norveç) 4:0
Qol: Abraham, 5. Zaniolo, 23; 29; 49.
İlk oyun – 1:2


