Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının 2023/2024 mövsümünün qrup mərhələsi çərçivəsində ilk matçına çıxacaq.
Arena.az xəbər verir ki, H qrupunda yer alan Azərbaycan çempionu doğma meydanda Norveçin “Molde” komandası ilə qarşılaşacaq.
Hər iki komanda avrokuboklarda mübarizəyə UEFA Çempionlar Liqasından (ÇL) başlayıb. Azərbaycan çempionu ÇL-in 2-ci təsnifat mərhələsində “Rakuv”a (Polşa), Norveç çempionu isə “Qalatasaray”a (Türkiyə) məğlub olub.
“Molde” bu mövsüm Norveç çempionatında 21 oyuna topladığı 40 xalla 4-cü pillədə qərarlaşıb. Ağdam klubu isə Azərbaycan çempionatında geridə qalmış 6 turdan sonra 10 xalla ikinci pillədə yer alıb.
Xatırladaq ki, “Molde” Azərbaycan nəhəngi üçün tanış rəqibdir. Belə ki, 3 il əvvəl – 2020/2021 mövsümündə Norveç klubu UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Ağdam təmsilçisi ilə qarşılaşmışdı. Əlsində, həmin oyun Bakıda keçirilməli olsa da, “Molde” koronavirus səbəbindən paytaxtımıza gəlməkdən imtina etmişdi. Nəticədə o zaman təmsilçimiz bu rəqibini Kiprdə qəbul etmək məcburiyyətində qaldı və penalti seriyasında uğursuzluqla üzləşərək ÇL-də mübarizəni dayandırdı.
İndi Azərbaycan çempionu həm “Molde”dən həmin məğlubiyyətin qisasını almağa, həm də Avroliqanın qrup mərhələsinə uğurlu start verməyə çalışacaq.
Qeyd edək ki, bu gün baş tuacaq qrupun digər matçında “Bayer” (Almaniya) “Hakken”i (İsveç) qəbul edəcək.
Avropa Liqası
H qrupu
21 sentyabr
20:45. “Qarabağ” – “Molde”
Hakimlər: Con Biton, Daniel Makfarlan, Duqlas Potter, Mettyu Makdermid (Şotlandiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.


