Niderlandın “Ayaks” klubu İspaniyanın “Barselona” komandasından alman qapıçı Mark-Andre ter Ştegeni icarə əsasında heyətinə qatıb.
Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
İcarə müqaviləsi 2027-ci ilin iyununun sonunadək qüvvədə olacaq. “Ayaks” yeni qapıçısının transfer hüquqlarını almaq istəmədiyi üçün buna dair müqavilədə də heç bir şərt nəzərdə tutulmayıb.
Qapıçının “Barselona” ilə müqaviləsi isə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Xatırladaq ki, Ter Ştegen bu ilin yanvarında icarə müqaviləsi əsasında “Jirona”ya keçmişdi. Amma o, zədə səbəbindən bu komandanın heyətində cəmi 2 oyuna çıxıb.
Mark-Andre Ter Ştegen Mönxenqladbax “Borussiya”sının məzunudur. Alman qapıçı məhz yetirməsi olduğu klubun düşərgəsindən 2014-cü ilin iyul ayında 12 milyon avro məbləğ müqabilində “Barselona”ya keçib. Ter Ştegenin İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Alman qapıçının “Barselona”dakı çıxışının ümumi mənzərəsi 423 oyun, 416 buraxılmış qol və 176 “quru” oyundan ibarətdir.
Ter Ştegen “Barselona” ilə 6 dəfə İspaniya La Liqasının, 6 dəfə İspaniya Kral Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.
Mark-Andre Ter Ştegen 2012-ci ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində 44 oyuna 54 qol buraxıb, 13 “quru” oyun keçirib. Qapıçı Almaniya yığması ilə 2016-cı il Avropa çempionatının bürünc medalçısı, 2017-ci Konfederasiyalar Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 34 yaşlı alman qapıçının transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.



