Aymen Barkok və Niklas Tauer “Maynts”dan ayrıldılar

Almaniyanın “Maynts” klubu mərkəz yarımmüdafiəçisi Aymen Barkok ilə dayaq yarımmüdafiəçisi Niklas Taueri icarəyə göndərib.

Arena.az xəbər verir ki, Barkok “Herta”ya, Tauer isə Braunşveyq “Ayntraxt”ına icarəyə verilib.

Hər iki futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq. Onların müqaviləsində satınalma ilə də bağlı şərtlər nəzərdə tutulub.

Aymen Barkok Frankfurt “Ayntraxt”ının yetirməsidir. O, hələ bu klubda olarkən Düsseldorf “Fortuna”sında icarədə olub. 2022-ci ildə isə “Maynts” azad agent kimi onu öz heyətinə qatıb. Barkok bu komandada 40 oyun keçirib, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Almaniyanın U-16, U-17, U-19, U-20 və U-21 yığmalarında oynamış Barkok 2020-ci ilin oktyabr ayından Mərakeş millisində forma geyinməyə başlayıb. 25 yaşlı hücumameyilli yarımmüdafiəçi ölkəsinin millisində 18 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Niklas Tauer isə “Maynts”ın öz yetirməsidir. 22 yaşlı alman futbolçu bu klubun əsas komandasında 21 oyuna çıxıb. O, ötən il icarə əsasında “Şalke”nin də uğurları üçün çalışıb. Tauer Almaniyanın U-18, U-19 və U-20 yığmalarında da forma geyinib.

Qeyd edək ki, həm Aymen Barkokun, həm də Niklas Tauerin “Maynts”la 2025-ci ilin 30 iyununa qədər müqaviləsi var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: