Futbol üzrə Tunis milli komandasının yarımmüdafiəçisi Ayssa Layduni Macarıstanın “Ferentsvaroş” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu Almaniyanın “Union Berlin” klubuna transfer olunub.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. “Union Berlin” bu transfer üçün Macarıstan klubuna 4.1 milyon avro təzminat ödəyib. Futbolçu ilə müqavilənin müddəti və digər detalları isə açıqlanmayıb.
Ayssa Layduni Fransada dünyaya göz açıb. O, peşəkar karyerasına da yetirməsi olduğu “Anje”də başlayıb. Yarımmüdafiəçi bu ölkədə “Le-Erbye” və “Şambli” klublarında icarədə də oynayıb. 2018-2020-ci illər aralığında Rumıniyanın “Voluntari” klubunda forma geyinmiş Layduni, “Ferentsvaroş”a da 2020-ci ilin avqust ayında məhz bu komandadan transfer olunmuşdu. Həmin vaxt Macarıstan klubu bu keçid üçün rumınlara 600 min avro ödəmişdi. Yarımmüdafiəçi “Ferentsvaroş”un heyətində meydana çıxdığı 103 oyunda 9 qol vurub, 16 məhsuldar ötürmə müəllifi olub.
Layduni Tunis yığmasında da 28 oyun keçirib, 1 qol vurub.


