Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Tacikistan yığmasına qarşı keçirəcəkləri yoxlama oyunundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, sözügedən komandalar sabah Bakıda üz-üzə gələcəklər.
Ayxan Abbasov qarşılaşmadan əvvəl təşkil edilmiş mətbuat konfransında milli komandanı qısa müddətdə 4 oyunun gözlədiyini və bu səbəbdən heyəti genişləndirdiklərini bildirib:
“Bizi qarşıda 4 oyun gözləyir. Milli səviyyəsində ilk dəfədir qısa vaxtda ardıcıl 4 oyun olacaq. Heyəti geniş etdik. Rəqib 2026-cı ildə uduzmayıb. Futbolçularımızın bəziləri komandaya gec qoşuldu. 4-5 oyunçu var ki, bu gün ilk məşqini keçirəcək. Legionerlərimiz gec gəldi. Anton Krivotsyuk və Cəlal Hüseynov məşqdə iştirak etməyiblər. Buna baxmayaraq, ümumi planımız var. Tək bu oyunu yox, 4 oyunluq plan tutmuşuq. Sabah yaxşı oynayıb, qalib gəlmək istəyirik”.
Abbasov Tacikistanla görüşdə rotasiyaların olacağını və yeni futbolçulara da şans veriləcəyini qeyd edib:
“Rotasiyalı heyətlər olacaq. Yenilər var, istəyirik ki, onlar da millini hiss etsinlər. Tacikistanla matçdan sonra 3 ağır oyun olacaq. Sabah hazırlığımızı bu oyunlara görə quracağıq. İnanıram ki, meydanda olan hamı əlindən gələni edəcək. Sabah qalib gəlmək istəyirik”.
Mütəxəssis Tacikistanın rəqib seçilməsinin səbəbini də açıqlayıb. O bildirib ki, Azərbaycan yığmasının D Liqasında çıxış etməsi səbəbindən uyğun rəqib tapmaq çətindir:
“Yoldaşlıq görüşləri məcburidir. Biz D Liqasındayıq. Lixtenşteyn Litva ilə qarşılaşacaq, boş rəqib tapmaq olmur. Məcburuq Asiya ölkələrinə üz tutaq. Bakıya gəlməyə razılıq verdilər. Bir-birimizə yaxınıq. Lixtenşteyn, Litva bir az fərqli komandadır. Yaydakı toplanışda da rəqibləri qrupumuzdakılara görə seçmişdik, Malta və San Marinonu. Nə qədər müqayisə etsək də, eyni olmur. Bizə lazımdır ki, belə komandalara qarşı matçlarda oyunumuzu artıraq. Qol epizodlarımız çoxdur, istifadə edə bilmirik. Millimizə güvən lazımdır”.
“Bütün futbolçular nəzarətdədir”
Ayxan Abbasov qarşıdakı oyunların fiziki baxımdan futbolçular üçün çətin olacağını və heyətdə rotasiyaya ehtiyac duyulduğunu söyləyib:
“Bəli, bir oyunun səfərdə olması üstünlükdür. 5,5 saatlıq uçuş var. Bunu bir aydır təhlil edirik. Klublarında daim oynayanlara çox yük düşəcək. Mahir Emrelinin komandası avrokuboklarda çıxış edirdi, təxirə salınmış oyunları var. Bir aya 10-12 oyun edir. Bu da futbolçunun zədələnməsi ehtimalını çoxaldır. Rəhman Daşdəmirov, Rüfət Abbasovu da qeyd etmək olar. Onları rotasiya etməyi fikirləşirik. Ona görə də fərqli heyətlər olacaq. Çalışacağıq ki, düzgün seçim edək. Elə oyunçu olacaq ki, 4 oyunda da oynayacaq. Çünki komandanın sütunları var”.
Baş məşqçi Nəriman Axundzadənin U-21 millisinə göndərilməsi ilə bağlı qərarı da şərh edib. O, futbolçunun daha çox oynamağa ehtiyacı olduğunu vurğulayıb:
“Bütün futbolçular nəzarətdədir. Sevindik ki, Nəriman Super Liqaya gəldi, ABŞ-də daha az şans qazanırdı. Yay toplanışında özü də xoşbəxt olmadığını demişdi. “Ərzurumspor”da şans qazanmır. Səbəb bəlli deyil. Özü ilə də danışırıq. Məşqlərdə maksimumunu qoyur. Təəssüf ki, başqa çempionatlarda yanaşma başqadır, öz mövqeyində gərək yerlidən iki baş güclü olasan. Bizdə isə tam fərqlidir. Nəriman oynamalıdır. Üzərində işləyir. Son matçlarda bir dəqiqə belə oynamayıb. Qərara gəldik ki, U-21-də olsa, daha yaxşı olar, özünə gələr”.
Abbasov Şahruddin Məhəmmədəliyevin milliyə dəvət olunmamasına da aydınlıq gətirib:
“Şahruddin millimiz üçün önəmli qapıçıdır, ən yaxşı qapıçıdır. Amma biz onu zədəli olanda yoldaşlıq görüşləri üçün çağırmışdıq. Digər futbolçuları da milliyə qazandırmaq istədik. Fikirləşirdik ki, Şahruddinə çempionatda şans veriləcək. Təəssüf ki, olmadı. O da milli karyerasını fikirləşməlidir”.
“Mahiri komandanın lideri olacağına inandırıblar”
Baş məşqçi Səlahət Ağayevin də uzun müddət milliyə dəvət olunduğunu xatırladıb və gənc futbolçulara yol açmağın vacibliyini vurğulayıb:
“Səlahət çox yaxşı insandır, peşəkardır. Səlahəti bir neçə ildən sonra milliyə qaytaran biz olmuşuq. 5-6 il milliyə dəvət olmamışdı. Ancaq biz onu “Qəbələ”dən dəvət etdik. Həmin vaxt “Qəbələ” son pillələrdə gedirdi. Ancaq biz ona şans verdik. Səlahət yenə də siyahımızda idi. Amma gənclərə də yol açmaq lazımdır. Həmişə danışanda deyirik ki, millidə gənclərə yol açmalıyıq. Oruc Məmmədov, Edqar Adilxanov kimi yeni oyunçular tapmaq lazımdır. Millini hiss etməlidirlər. Rüfət Abbasovu hamımız tərifləyirik, amma onun keçdiyi yola baxmalıyıq”.
Ayxan Abbasov Mahir Emrelinin çıxışını izləmək üçün Polşaya səfəri ətrafında yaranan reaksiyalara da münasibət bildirib. O, futbolçuları yerində izləməyin baş məşqçinin işinin bir hissəsi olduğunu deyib:
“Bizdə nə etsən, yaxşı mənada reaksiyalar olur. Hərdən fikirləşirsən ki, nə edim? Millinin məşqçisi iki yerdə işləyəndə deyirlər ki, vaxt çatdırmırsan milliyə. İşini görürsən, futbolçunu izləməyə gedirsən, deyirlər ki, gəzməyə gedib. Sanki Avropanı görməmişik. Hansı komandalara getmişiksə, orada futbolçuya fikir dəyişib. Polşa klubunda olduq, klub prezidenti ilə görüşdük, Mahir haqda onlardan o sözləri eşitmək məni sevindirirdi. Mahiri komandanın lideri olacağına inandırıblar. Onu gələcəkdə birdəfəlik almaq istəyirlər. Digər oyunçular haqda bizdən soruşdular. Burada pis bir şey yoxdur. “Bursaspor”da da olduq. Toraldan çox şey gözləyirlər, adaptasiya gedir. Bu işimizdir, etməliyik”.
“Bizdəki təzyiqin heç yarısı Litvada yoxdur”
Baş məşqçi Toral Bayramovun “Bursaspor”da az oyun keçirməsi barədə də danışıb:
“Əslində, başqa təklifləri var idi. Amma “Bursaspor”u seçdi. Onu da orada izləmişik. Məsələn, son matçda 37 dəqiqə oynadı, iki dəfə baxmışam oyuna. Nəyə görə 37-ci dəqiqədə onu əvəzlədilər? İki legioneri dəyişib, iki yerli oyunçu buraxdılar meydana. Bəlkə öz millətlərinə qarşı sevgi daha çoxdur. Toral milliyə həvəsli gəlib, bizim üçün dəyərli oyunçudur”.
Abbasov Litva millisinin baş məşqçisi Edqaras Yankauskasın Azərbaycan futbolu ilə bağlı fikirlərinə də münasibət bildirib. O, Azərbaycanda milli komandaya olan diqqətin yüksək olduğunu deyib:
“Oxudum fikrini. Azərbaycanda milliyə təzyiq yoxdur deyib. Bizdəki təzyiqin heç yarısı Litvada yoxdur. Bir çox ölkələri qeyd etmək olar ki, milliyə fikir vermirlər, büdcələr o deyil. Biz də bunun bəhrəsini görmüşük. Hər il Çempionlar Liqasında komandamız çıxış edir, böyük klublar Azərbaycana gəlir. Litva və ya başqa ölkələrin klubları bu nəticələri əldə edə bilmirlər. O mövqedən yanaşır ki, bizim çempionatda yaxşı oyunçular var. Çempionatımızın yaxşı görünməməsinin səbəbi stadionlar, işıqlar və azarkeşdir. Polşa liqasına baxırıq. Klub deyir ki, polşalı oyunçu transfer edə bilmirik, Avropaya getmək istəyirlər. Gəncədəki oyuna televiziyadan baxsanız, “Kəpəz”in kimlə oynadığı yazılmasa, başqa matç kimi görünə bilər. Bunun üzərində çalışmaq lazımdır ki, bizim liqa da daha yaxşı olsun”.


