Ayxan Abbasov: “Büdcəmiz bundan artığına imkan vermir”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 0:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çətin olacağını bilirdik. Rəqib bizdən daha gümrah idi. Buna baxmayaraq, mübarizə apardıq. İlk qol bizi tələsdirdi. Komandada həm fiziki, həm də psixololji yorğunluq var. Bədən yorğun olanda aqressiya da olur. Həqiqətən 3-4 gündən bir oynamaq çətindir. Alınmayanda alınmır. Bu, bəhanə deyil, dözməliyik. Məğlubiyyətdən dərs çıxarmalıyıq. Yolumuza davam edəcəyik. Qarşıda üç oyun var. Sona qədər mübarizə aparacağıq.

Camaləddin Xocaniyazovun meydandan qovulmasına gəlincə, mənə elə gəlir bu matçda sarı vərəqələr bir qədər çox oldu. Amma nə olur olsun, meydanda dözmək lazımdır. Bu oyunla iş bitmir. Onsuz da heyətimiz kasaddır. İtkilər bizə problem yaradır. Nəsə alınmayanda, səbrli olmaq lazımdır. Xocaniyazovun ikinci “sarı”sı oyun epizodunda olmamışdı. Futbolda belə şeylər olur”.

Ayxan Abbasov bir daha bəyan edib ki, qarşısına Avropa Liqasına vəsiqə qazanmaq hədəfi qoyulmayıb: “Mən də istəyirəm ki, futbolçularımızın əziyyəti yerdə qalmasın. Bizi təhlükə gözləyir, avrokuboklara getməyə bilərik. Mən bu çətinlikləri, problemləri bilirdim. Bunu bilə-bilə komandada qalmışam. Büdcəmiz budur, bundan artığını edə bilmərik. Mən də istəyərəm ki, heyət geniş olsun. Ona görə hər zaman deyirəm ki, qarşıma nə vaxtsa şərt qoyulsa, mən də şərt qoyacağam. Rəhbərliklə əvvəldən bunları danışmışıq. Mövsümün sonunda avrokuboklara gedə də bilərik, getməyə də. Müqavilə ilə bağlı hələ danışıqlara başlamamışıq. Bütün fikrimiz son oyunlardadır. Mövsüm bitəndən sonra danışacağıq. Alınacaq qalacağıq, alınmayacaq qalmayacağıq.

“Qarabağ”la ölkə kubokunun ilk yarımfinal oyununda sırf Premyer Liqa haqqında düşünürdük. Lakin bu oyunun nəticəsi imkan verdi ki, risk edək. Sonra Zirədən xalla ayrıldıq. Kubokun cavab matçında da vuruşduq və finala yüksəldik. Finala yüksəldiyimiz üçün komandaya mükafat söz verilib. Amma hələ mükafat almamışıq. Çempionatın elə dönəmindəyik ki, futbolçulara motivasiya vermək vacibdir. İnanırıq ki, rəhbərlik son oyunlar ərəfəsində bunu nəzərə alacaq. Digər klublar haqqıda danışmaq istəmirəm”.

Xəbəri sosial şəbəkələrdə paylaş: