Ayxan Abbasov: “Ukrayna ilə oyunda daha yaxşı olmalıyıq”

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov sabah Ukrayna yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan və Ukrayna yığmaları sabah DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turu çərçivəsində Polşada üz-üzə gələcəklər.

Ayxan Abbasov bu gün oyundan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Sabah bizi yenə gərgin oyun gözləyir. İlk oyunumuz Fransaya qarşı səfərdə idi, indi də Ukrayna ilə səfərdə oynayırıq. Ardıcıl iki səfər matçı çətindir. Üç günlük pauza var. Futbolçularımızda yorğunluq olur. Amma çalışacağıq ki, nələrisə dəyişək və daha yaxşı olaq. Komandamıza, futbolçularımıza inanıram. Necə ki, Fransa ilə mübarizə apardılar, bu oyunda da döyüşməliyik. Bu görüşdə daha da yaxşı olmalıyıq. Ukraynanın da bu oyuna final kimi yanaşdığını bilirik. Son matçda ağır səfərdə mühüm qələbə qazandılar. İslandiyada bütün komandalar üçün oynamaq çətindir. Ukraynanın Bakıdakı heç-heçəyə görə bizə yanaşması başqa cür olacaq. Bu, bizi çəkindirmir. Gələcəyə nikbin baxmaq istəyiriksə, çəkinmədən mübarizə aparmalıyıq. Futbolçularımıza da bunu bildirmişik.

Ukrayna millisində güclü, fərdi keyfiyyətlərə malik oyunçular var. Son matçda da bunu göstərdilər. Təhlil zamanı oyunçularımıza bunu göstərmişik. Hücum xəttindəki oyunçuları yaxşıdır. Avropada yaxşı klublarda oynayırlar. Güclü müdafiəçisi var, PSJ-də oynayır. Bu da komandanın ustalığından xəbər verir. Fərdi də yanaşmışıq. Futbolçularımıza bunları göstərmişik. İlk oyunda oynamışıq deyə, Ukraynanı daha yaxından tanıyırıq”.

Ayxan Abbasov bəzi oyunçuların sabah 23 nəfərlik heyətdən kənarda qalacağını açıqlayıb:

“Təəssüf ki, İsmayıl İbrahimli və Ceyhun Nuriyev ilk oyunda da yox idilər. İsmayıl Fransadakı məşqdə yüngül zədələnmişdi, Ceyhun xəstədir. Renat Dadaşov da tam hazır olmadığına görə 23-lükdən kənar qalacaq”.

“İslandiya ilə oyunu çox vacib edə bilərik” – Ayxan Abbasov

Ayxan Abbasov Ukrayna ilə oyuna qələbə üçün çıxacaqlarını bəyan edib:

“Çalışırıq ki, futbolçularımızda hər oyunda qələbə ruhu olsun. Rəqibin fərqi yoxdur. Ən çətin rəqib olanda demirik ki, oyunu udmaq istəmirik. Oyundan-oyuna futbolçularda fərq olacaq, inam gələcək. Xal qazanmq istəyirik. 4 komanda olanda daha çətindir. Rəqiblər bizdən üstündür. Futbolda bu gün mümkünsüz heç nə yoxdur. Sevinirəm ki, futbolçular bunu anlayırlar, yanaşmaları fərqlidir. Allah qoysa, belə davam etsək, nəticə olacaq.

Futbolçularıma bir kəlmə dedim. Bildirdim ki, biz İslandiya ilə oyunu çox vacib edə bilərik. Bu həyəcanı yaşamağı haqq edirlər. Çox istəyərdim ki, İslandiya matçını Bakıda çox vacibə çevirək”.

Ayxan Abbasov Fransadan Polşaya gedərkən millinin baqajlarının itməsinə görə məşq etmədiklərinə dair xəbərlərə də aydınlıq gətirib:

“Məşq etmişik, elə də problem olmayıb. Bəli, nələrsə gecikmişdi. Amma dünənki planımızda dəyişiklik olmadı. Bərpanı qaldığımız oteldə keçdik, oynamayanlar məşq etdilər. Yəqin ki, bu da hansısa təzyiqdir. Amma heç bir problem yoxdur. Hər şey qaydasındadır”.

Xəbəri sosial şəbəkələrdə paylaş: