Azər Bağırov: “İnam ən güclü silahdır”

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, bu gün Şamaxıda baş tutmuş oyunda Gəncə təmsilçisi 4:1 hesabı ilə qələbə qazanıb.

Azər Bağırov ilk qələbəyə sevindikləri oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu qələbəni azarkeşlərimizə, xüsusilə azyaşlı azarkeşimiz Babəkə həsr edirik. Babək Gəncədən gələndə məni inandırdı ki, qələbə qazanacağıq. Onun sözləri mənim üçün xüsusi motivasiya idi. Buna görə onun adını çəkdim.

Çətin oyun olacağını bilirdik. Stressdən, gərginlikdən çıxmaq üçün yollar axtarırdıq. İnanıram ki, bu qələbə açar olacaq. Yaxşı komandaya qarşı oynadıq. “Şamaxı” necə oynamaq lazım olduğunu bilir. Rəqibi təhlil etmişdik. Şükürlər olsun ki, bu gün qələbə qazandıq”.

Azər Bağırov komandasının hələ daha çox inkişaf etməli olduğunu da vurğulayıb:

“İşimiz çoxdur. Paltardəyişmə otağında vurğuladım ki, hələ heç nə etməmişik. Daha güclü olmalıyıq. Ötənilki komanda ilə indikini müqayisə etmək istəmirəm. O həyətdə də yaxşı futbolçular var idi, bu gün də elələri var. Yolumuza davam edirik. Bu futbolçular bizə xallar qazandıracaqlar. Onları da buna inandırmaq lazımdır. İnam ən güclü silahdır”.

Azər Bağırov “Şamaxı”nın və milli komandamızın baş məşqçisi Ayxan Abbasovla arasında soyuqluq olduğuna dair sualı da cavablandırıb:

“Heç bir soyuqluq yoxdur. Oyundan qabaq bir yerdə idik, xeyli söhbət etdik. Ayxanla çox yaxşı münasibətimiz var. Biz çox yaxın qardaşıq, bir-birimizin xətrini çox istəyirik. Ayxan Abbasovun köməkçisi Elnur Çodarov da mənim uşaqlıq dostumdur”.

Xəbəri sosial şəbəkələrdə paylaş: