Azər Məmmədov: “İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq”

“Kəpəz”in baş məşqçisi Azər Məmmədov yeni mövsümə hazırlıq çərçivəsində “Karvan”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, ötən gün Gəncə şəhər stadionunda baş tutmuş bu görüşdə meydan sahibləri 2:1 hesablı qələbəyə seviniblər.

Azər Məmmədov matçla bağlı klubun mətbuat xidmətinə açıqlama verib. O, qərb təmsilçisinin doğma meydanda ilk oyununu keçirməsi barədə danışıb:

“Matçın ilk hissəsində komanda istədiyimiz oyunu nümayiş etdirə bildi. Əsas istəyimiz qol epizodları yaratmaq və onlardan istifadə etmək idi. Birinci yarıda daha çox fərqlənə bilərdik. Amma 2 qol da az deyil. İkinci hissədə oyunun sürəti bir qədər aşağı düşdü. Bu da normaldır. Bəzi əvəzetmələr etdik, gənc oyunçuları meydana buraxdıq. Onlar da çalışdılar ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Bu, bizim ilk qələbəmiz idi, hər kəsi təbrik edirəm.

Bu, həm də Gəncə stadionunda ilk oyunumuz idi. Belə bir meydançanın tək Gəncə üçün yox, Azərbaycan futbolu üçün faydası olacaq. Bizim şəhər, azarkeşlərimiz bu cür gözəl stadiona layiqdir. Burada oynamaq bizə də xoş təəssürat bağışladı. Gəncə stadionunda keçirdiyimiz ilk görüşdə qələbə qazandıq. Mən inanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq və biz də azarkeşlərimizi qələbələrlə sevindirəcəyik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: