Azərbaycan klubları cari mövsümdə UEFA reytinqində təsnifat və pley-off mərhələləri üzrə topladıqları əmsalı 3,375-ə çatdırıblar.
Arena.az xəbər verir ki, bu, “Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında Niderlandın “Tvente” komandasını 1:0 hesabı ilə məğlub etməsi ilə gerçəkləşib.
Bununla da Azərbaycan klubları əsas mərhələyə qədər olan dövr üçün 11 illik rekordu yeniləyiblər. Ağdam klubunun ölkə reytinqinə töhfəsi 1,250-yə yüksəlib və komanda bu göstəricidə “Sabah”a çatıb. “Zirə” 0,625, “Neftçi” isə 0,250 əmsal əldə edib.
Azərbaycan cari mövsümdə UEFA əmsallar cədvəlində bonuslarsız ən çox əmsal qazanan 2 ölkədən biridir. Eyni göstəriciyə malik Latviya ilə ümumi siyahıda 6-cı yeri bölüşdürən Azərbaycan yalnız bonuslar hesabına öndə olan Portuqaliya, İspaniya, Almaniya, İtaliya və İngiltərədən geri qalır.
Qeyd edək ki, təsnifat və pley-off mərhələləri üzrə əvvəlki rekord 3,125 əmsalla 2015/2016-cı illər mövsümündə qeydə alınmışdı.


