Futbol üzrə Azərbaycan Kubokunun 2024/2025-ci illər mövsümünün final oyununun vaxtı dəyişdirilib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Xəbərdə vurğulanıb ki, 21 may tarixindən etibarən Bakıda minifutbol üzrə dünya çempionatı keçiriləcək. Mötəbər yarışın final matçı 1 iyun tarixinə təsadüf edəcək.
Bununla əlaqədar olaraq Azərbaycan Minifutbol federasiyasının da Peşəkar Futbol Liqasına müraciəti nəzərə alınaraq Azərbaycan Kubokunun final matçının tarixinin dəyişdirilməsinə qərar verilib. Ölkə kuboku çərçivəsində mövsümün son qarşılaşması 31 may tarixində keçiriləcək. Oyun öncədən elan olunduğu kimi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq. Oyuna saat 19:00-da start veriləcək.
Xatırladaq ki, daha öncə kubokun final matçının iyunun 1-də keçirilməsi nəzərdə tutulmuşdu.


