Sabah keçiriləcək futzal üzrə Azərbaycan kubokunun final qarşılaşması ilə 2023/2024-cü illər mövsümünə yekun vurulacaq.
Arena.az xəbər verir ki, həlledici oyunda son çempion “Araz-Naxçıvan”la kubokun ötənilki qalibi, cari çempionatı ikinci pillədə başa vuran “Baku Fire” üz-üzə gələcəklər.
Yeri gəlmişkən, “Baku Fire” ölkə kubokunu ilk dəfə 2023-cü ildə başı üzərinə qaldırıbsa, yarışın 5 qat qalibi “Araz-Naxçıvan” bu sevinci sönuncu dəfə 2008/2009 mövsümündə yaşayıb.
Yüksək Liqanın qızıl və gümüş medalçıları bu dəfə ölkə kubokunun final matçında medalların əyyarını necə müəyyənləşdirəcəklər? Bu dəfə qızıl medalları hansı komanda üzvləri boyunlarından asacaq, kuboku başı üzərinə qaldıracaq?
Hər iki komanda bu gün oyun öncəsi son məşqini keçirib. Matçdan öncə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti finalda iştirak edəcək komandaların kapitanlarının görüşlə bağlı qısa fikrini öyrənib.
“Finalda sürprizlərimiz olacaq”
“Baku Fire” komandasının lideri Elvin Quliyev iddialı danışıb: “Oyuna ciddi hazırlaşmışıq. Bu gün də yekun məşqimizi keçirdik. Hər iki komanda bir-birini yaxşı tanıyır. “Araz-Naxçıvan” ölkə çempionudursa, biz də Azərbaycan kubokunun son qalibiyik. Yarımfinal oyununda bu titula iddialı “Neftçi” İK-nı məğlub etdik. Təbii ki, məqsədimiz qələbə qazanmaq və titulumuzu qorumaqdır. Heyətimiz demək olar, yerli futzalçılardan təşkil olunub və cari çempionatı yüksək səviyyədə keçirdik. Bu uğurlu seriyanı ölkə kubokunda da davam etdirməyə iddialıyıq. Oyuna tam hazırıq. Ümid edirəm ki, azarkeşlər və tamaşaçılar futzal adına baxımlı, maraqlı oyun izləyəcəklər. Fürstədən istifadə edib azarkeşləri matçı izləmək üçün Bakı İdman Sarayına dəvət edirik”.
Kapitan rəqib üçün sürprizlər də hazırladıqlarını gizlətməyib: “Taktiki planda dəyişikliklər etmişik, sürprizlərimiz olacaq. Çempionat başa çatdıqdan sonra sırf bu oyuna hazırlaşmışıq. Final cəmi bir oyundan ibarətdir və hər zaman fərqli üslubda oynamağı tələb edir”.
“Sözümüzü meydanda deyəcəyik”
Ötən həftə çempionluq kubokunu başı üzərinə qaldıran “Araz-Naxçıvan”ın kapitanı Emin Kürdov isə bunları dilə gətirib:
“Mövsümün son oyundur. Bu matçı bizim üçün əhəmiyyətli edən bir neçə səbəb var. “Araz-Naxçıvan” 15 ildir Azərbaycan kubokunu qazana bilmir. Bu uğursuz seriyaya son qoymaq istəyirik. Digər tərəfdən, baş məşqçimiz Vitali Borisov debüt ilini dublla başa vurmaq niyyətindədir. İdmanda hər bir titul, uğur əzizdir, qiymətsizdir. Maraqlı qarşılaşma olacaq. Çünki “Baku Fire” cari mövsümdə bizi məğlub edə bilməyib. Dörd dəfə üz-üzə gəlmişik, iki görüşdə heç-heçə qeydə alınıb, qalan matçlarda onları udmuşuq. Mövsümü major notlarla bitirmək istəyirik. Heyət olaraq matça tam hazırıq. Sözümüzü meydanda deyəcəyik”.
Azərbaycan kubokunun final oyunu mayın 7-də Bakı İdman Sarayında keçiriləcək. Saat 14:00-da başlayacaq görüşü izləmək istəyənlər üçün zala giriş sərbəstdir (biletsizdir).


