Dünya çempionatının (DÇ-2024) elit mərhələsi çərçivəsində Niderlandla qarşılaşacaq futzal üzrə Azərbaycan millisi sözügedən ölkəyə yollanıb.
Arena.az xəbər verir ki, bu gün səhər saatlarında Bakı-İstanbul-Amsterdam hava reysi ilə Niderlanda gedən yığmamız paytaxtdan avtobusla matçın keçiriləcəyi Almere şəhərinə yollanıb.
Əvvəlcədən də xəbər verdiyimiz kimi, zədəli Amadeu və sənədlərində problem olan Emil Həsənzadə komandadan kənarda qalıb. Əvəzində Eduardo Borges və Mirzə Əmirov heyətə cəlb edilib. Edu sabahkı məşqdə iştirak edəcək.
Azərbaycan millisi bu gün matçın keçiriləcəyi Almeredəki “Topsportcentrum Arena”da ilk məşqə də çıxıb.
Xatırladaq ki, dekabrın 20-də keçiriləcək Niderland – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 21:30-da start veriləcək. Qrup mərhələsinin son turu ərəfəsində Niderland yığması 6 xalla ikinci, millimiz isə 4 xalla sonuncudur. A qrupuna 15 xalı olan Qazaxıstan başçılıq edir. Üçüncü olan Rumıniyanın da 4 xalı var.


