Azərbaycan millisi Belqradda dünya çempionu oldu!

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Serbiyada keçirilən və bu gün başa çatan dünya çempionatında tarixi uğura imza atıb.

Arena.az xəbər verir ki, Belqradda 2 qızıl və 3 gümüş medal qazanan yığmamız 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu olub.

Daha öncə sərbəst güləşdə də belə bir uğurumuz olmayıb. Buna qədər ən yaxşı nəticələrimiz sərbəst güləşdə 2009 və 2010, yunan-Roma güləşində isə 2015 və 2022-ci ildə qeydə alınıb. Həmin dünya çempionatlarında millilərimiz komanda hesabında 2-ci yeri tutmuşdular.

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi həm medalların əyarına, həm də toplanan xallara görə də dünya çempionatlarında güləş yığmalarımızın tarixinin ən yaxşı nəticəsinə imza atıb.

Mundialda İran (102) ikinci, Türkiyə (93) isə üçüncü yeri tutub.

Xatırladaq ki, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında Belqradda Eldəniz Əzizli (55 kq) ilə Rafiq Hüseynov (82 kq) dünya çempionu olub. Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) isə gümüş medal qazanıb. Həmçinin 67 və 77 kq-da Olimpiadaya lisenziya əldə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: