Azərbaycan millisi İsveç yığmasını darmadağınla yola saldı

Futbol üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının (AÇ-2024) seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv F qrupundakı 7-ci sınağında İsveç yığmasını qəbul edib.

Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunu İsveçrədən olan FIFA referisi Ester Staubli idarə edib.

Xatırladaq ki, Azərbaycan millisi yer aldığı F qrupundakı ən ağır məğlubiyyətini məhz İsveç yığmasından almışdı. Komandamız bu rəqibinə səfərdə 0:5 hesabıyla məğlub olmuşdu. Yığmamız həmin yenilginin qisasını doğma meydanda baş tutan oyunda almağa çalışıb. Komandamız bu istəyinə 3:0 hesablı möhtəşəm qələbə ilə çatıb. Kapitan Emin Mahmudovun dubl etdiyi oyunda digər qolu Renat Dadaşov vurub.

Millimiz bu seçmə mərhələdə Avstriya yığmasına səfərdə 1:4, evdə 0:1 hesabıyla uduzub. Belçika yığmasıyla da Bakıdakı görüşdə minimal hesablı məğlubiyyətə üzülmüşük – 0:1. Seçmə mərhələdəki son matçımız məhz bu rəqiblə səfərdə olacaq.

Komandamız Estoniya ilə oyunlarda da uğurlu nəticə əldə edib. Bu rəqiblə Bakıdakı oyunumuz 1:1 hesabıyla bitmişdi. Tallindəki qarşılaşmada isə yığmamız 2:0 hesablı qələbəyə sevinmişdi.

Bu gün yığmamızın qrupunda Estoniya – Avstriya oyunu da baş tutub. Səfərdə 2:0 hesablı qələbəyə sevinən avstriyalılar qrup liderliyini ələ keçiriblər. Noyabrın 19-da Azərbaycan millisini qəbul edəcək Belçika yığması isə bu turda istirahət edir.

AÇ-2024-ün seçmə mərhələsi
F qrupu
16 noyabr

Azərbaycan – İsveç 3:0
Qollar: Emin Mahmudov, 3; 89. Renat Dadaşov, 6.
Qırmızı vərəqə: Bəhlul Mustafazadə, 57.
Baş hakim: Ester Staubli (İsveçrə)
Baş hakinin köməkçiləri: Yonas Erni, Susanna Künq (hər ikisi İsveçrə).
Dördüncü hakim: Mirel Turkes (İsveçrə)
VAR: Lukas Fandrix (İsveçrə)
AVAR: Lionel Çudi (İsveçrə).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 7. Coşqun Diniyev (16. Elvin Camalov, 81), 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov (6. Höccət Haqverdi, 65), 11. Ramil Şeydayev (14. Eddi İsrafilov, 75), 17. Toral Bayramov (10. Mahir Emreli, 81), 20. Aleksey İsayev (21. Qismət Alıyev, 75).
Ehtiyat oyunçular: 12. Yusif İmanov, 23. Rəşad Əzizov, 13. Turan Manafov, 15. Amin Seydiyev, 18. Ozan Can Kökçü, 19. Nəriman Axundzadə, 22. Musa Qurbanlı.
Baş məşqçi: Canni De Byazi.

İsveç: 1. Robin Olsen, 3. Viktor Lindelöf (k), 4. Filip Helander, 9. Yens Kayuste (22. Robin Kayson75), 10. Emil Forsberq, 13. Ken Sema, 14. Linus Valkfist (2. Emil Kraft, 60), 17. Viktor Qyökeres, 18. Samuel Qustafson (7. Viktor Klaesson, 60), 19. Mattias Svanberq, 21. Deyan Kuluşevski.
Ehtiyat oyunçular: 12. Viktor Yohansson, 23. Kristoffer Nordfeldt, 5. İsak Hin, 6. Niklas Hult, 8. Albin Ekdal, 11. Markus Roden, 15. Karl Starfelt, 16. Huqo Larsson, 20. Kristoffer Olsson.
Baş məşqçi: Yanne Andersson.

Xal: Avstriya – 19. Belçika – 17. İsveç – 7. Azərbaycan – 7. Estoniya – 1.

Xəbəri sosial şəbəkələrdə paylaş: