Bu gün futbol üzrə Azərbaycan millisi Macarıstanın Sombatxey şəhərində Albaniya yığma komandası ilə yoldaşlıq oyunu keçirəcək.
Arena.az xəbər verir ki, yığmamız 2024-cü ildəki 3-cü sınağında qarşıdakı Avropa çempionatına (AÇ-2024) hazırlaşan güclü bir rəqiblə üz-üzə gələcək.
Ötən ilin sonundan baş məşqçisiz olan komandamızı albanlarla görüşə yenə Arif Əsədov çıxaracaq. O, bu ilin martında Bakıda baş tutan Monqolustan (1:0) və Bolqarıstanla (1:1) görüşlərdə də yığmamıza rəhbərlik etmişdi.
Qeyd edək ki, Albaniya matç milli komandamızın tarixində 298-ci sınaq olacaq. İlk oyununu 1992-ci il sentyabrın 17-də Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan yığmamız indiyədək 297 matça çıxıb. Bu müddətdə 60 qələbə qazanan futbolçularımız 78 heç-heçəyə nail olublar, 159 dəfə uduzublar. Əvvəlki 297 qarşılaşmada 228 qol vuran futbolçularımız 489 top buraxıblar.
Neytral meydanda təşkil olunacaq qarşılaşma millinin 138-ci yoldaşlıq oyunu olacaq. Bunadək 137 belə matça çıxan komandamız 39 qələbə qazanıb. Albaniya üzərində qalibiyyət əldə edilsə, yoldaşlıq matçlarında yubiley – 40-cı uğur olacaq. 45 heç-heçə edən komandamız 53 dəfə uduzub. 130 qol vuran yığmamız 171 top buraxıb.
Albaniya ilə görüş Arif Əsədovun rəhbərliyi altında 3-cü sınaqdır. Monqolustan üzərində 1:0 hesablı qələbə ilə debüt edən mütəxəssis Bolqarıstanla dueldə sülhə şahid olub – 1:1. Əsədovlu yığma hər qarşılaşmada qol vurub və uduzmayıb.
Xatırladaq ki, Azərbaycan millisi iyunun 11-də Qazaxıstan yığmasıyla da yoxlama oyunu keçirəcək. Bu oyun da eyni məkanda baş tutacaq və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Yoxlama oyunu
7 iyun
Albaniya – Azərbaycan
Baş hakim: Mixali Kaprali
Baş hakimin köməkçiləri: İstvan Albert, Gerqo Viqh-Tarsonyi
Dördüncü hakim: İstvan Vad
Sombatxey, “Haladas SportKomplexum”, 21:00.


