Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının 2024/2025-ci illər mövsümündə növbəti sınağına çıxacaq.
Arena.az xəbər verir ki, C Liqasında mübarizə aparan yığmamız dördüncü oyununda Slovakiya milli komandası ilə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüşə saat 20:00-da start veriləcək. Qarşılaşmanı norveçli FIFA referisi Rohit Saqqi idarə edəcək.
Xatırladaq ki, yığmamız UEFA Millətlər Liqasının yeni mövsümündəki ilk sınağında İsveç millisinə Bakıda 1:3 hesabıyla uduzmuş, bundan 3 gün sonra isə Slovakiya yığmasının qonağı olmuşdu. Fernando Santosun çalışdırdığı millimiz Koşitsedəki görüşdə 0:2 hesablı məğlubiyyətə üzülmüşdü. Bir neçə gün öncə Estoniya yığması ilə Tallində üz-üzə gələn bir nömrəli komandamız ardıcıl üçüncü yenilgisini yaşayıb. İndi millimiz bu uğursuz gedişata ev oyununda son qoymağa çalışacaq. Belə olacağı halda yığmamız Fernando Santosun rəhbərliyi altında ilk xal və ya xallarını qazanmış olacaq.
Tanış rəqiblə 12-ci oyun
Azərbaycan və Slovakiya milliləri UEFA Millətlər Liqasında ikinci dəfə üz-üzə gəlirlər. 2022-ci ildə bu komandalar sözügedən turnir çərçivəsində ilk oyunu Bakıda, cavab görüşünü isə Trnava şəhərində keçirmişdilər. Bakıda Slovakiya 1:0 hesablı qələbəyə sevinmişdisə, Trnavada yığmamız 2:1 hesabıyla üstün olmuşdu. Bu dəfə səfərdə uduzmuş millimizin ən azı doğma meydanda sözügedən rəqibindən güclü olacağına ümid etmək olar.
Millimizin Slovakiya ilə yolu Avropa və dünya çempionatlarının seçmə mərhələlərində də dəfələrlə kəsişib. Belə ki, bu komandalar bir dəfə DÇ-nin, üç dəfə isə AÇ-nin seçmə mərhələsində rəqib olublar. Komandaların ilk görüşü 1995-ci ilə təsadüf edib. AÇ-nin seçmə mərhələsi çərçivəsində yığmamızı Koşitsedə qəbul edən Slovakiya 4:1 hesablı qələbəyə sevinmişdi. Türkiyənin Trabzon şəhərində keçirilən millimizin ev oyununda da Slovakiya 1:0 hesablı qələbə qazanmışdı.
1998-ci ildə komandalar yenə AÇ-nin seçmə mərhələsində qarşılaşıblar. Slovaklar yenə Koşitsedə 3:0, bir il sonra Bakıda baş tutan ikinci oyunda isə 1:0 hesabıyla üstün olublar.
2001-ci ildə isə komandalar DÇ-nin seçmə mərhələsində rəqib olublar. Slovakiya yığması Trnavada 3:1 hesabıyla yendiyi millimizə Bakıdakı cavab görüşündə 0:2 hesabıyla uduzub.
2019-cu ildə isə Slovakiya ilə yenə AÇ-nin seçmə mərhələsində qarşılaşmışıq. Hər iki oyun məğlubiyyətlə yekunlaşıb: Bakıda 1:5, Trnavada 0:2 hesabıyla uduzmuşuq.
Bir sözlə, tərəflər arasında indiyə qədər keçirilmiş 11 oyunda Slovakiyanın 9, Azərbaycan millisinin isə 2 qələbəsi var. Heç-heçə tanımayan rəqiblərin budəfəki görüşündə kimin sevinəcəyi maraq doğurur.
Sonda onu da qeyd edək ki, UEFA Millətlər Liqasının qrup mərhələsi noyabrın 19-na kimi davam edəcək. 2025 və hətta 2026-cı illərdə isə pley-off oyunları keçiriləcək. Azərbaycan millisi vaxtilə UEFA Millətlər Liqasında mübarizəyə D Liqasında başlasa da, sonra genişlənən C Liqasına keçib və ardıcıl üçüncü dəfə burada qüvvəsini sınayır. Əvvəlki yarışlarda komandamız nə qrup qalib ola bilib, nə də ki, sonuncu yeri tutub: iki dəfə qrupunda 2-ci olub, bir dəfə də 3-cü yerlə kifayətlənib.
UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup
14 oktyabr
Azərbaycan – Slovakiya
Hakimlər: Rohit Saqqi, Morten Yensen, Anders Olav Dale, Siqurd Krinqstad (hamısı Norveç).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00.


