Azərbaycan millisinin İsveç yığması ilə Bakıda keçirəcəyi UEFA Millətlər Liqasının 1-ci turunun oyununa təyinatlar açıqlanıb.
Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq bu görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın baş hakimi FIFA referisi Balaş Berke olacaq. Ona yan xətt hakimləri Vencel Tot və Balaş Sert kömək edəcəklər. Dördüncü hakim funksiyasını Çaba Pinter yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 5-də təşkil olunacaq bu qarşılaşmaya saat 20:00-da start veriləcək. Azərbaycan millisinin 2-ci turdakı görüşü isə səfərdə Slovakiya yığmasına qarşı olacaq. Sentyabrın 8-də baş tutacaq bu oyuna da Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup
5 sentyabr
Azərbaycan – İsveç
Baş hakim: Balaş Berke
Baş hakimin köməkçiləri: Vencel Tot, Balaş Sert
Dördüncü hakim: Çaba Pinter (Hakimlər briqadası Macarıstandandır).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00.


