Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasının 2022/23 mövsümündə keçirəcəyi oyunların təqvimi açıqlanıb. Arena.az xəbər verir ki, yığmamızın bütün matçları 2022-ci ilə təsadüf edəcək.
Canni De Byazinin rəhbərlik etdiyi yığmamız ilk matçını iyunun 3-də səfərdə keçirəcək. Komandamız həmin gün Qazaxıstan/Moldova cütünün qalibi ilə üz-üzə gələcək. Yığmamızın sonuncu rəqibi də məhz bu iki komandadan biri olacaq. Həlledici görüş sentyabrın 25-də Bakıda baş tutacaq.
Qeyd edək ki, 3-cü dəfə təşkil olunacaq yarışda əvvəlki illərdəki kimi Avropanın 55 yığması mübarizə aparacaq. Komandalar 4 liqada qüvvəsini sınayacaq. Millimiz gücünə görə 3-cü olan C liqasında çıxış edəcək. Azərbaycan yığması C liqasının 3-cü qrupunda yer alıb. Millimizin rəqiblərindən ikisi dəqiqdir. Bunlar Belarus və Slovakiyadır. Digər rəqibimiz isə Qazaxıstan – Moldova cütünün qalibi olacaq.
Komandalar iki dövrəlik dairəvi sistemlə mübarizə aparacaq. A liqasının 4 qrup qalibi kubok uğrunda final mərhələsində çıxış edəcək. B, C və D liqalarının qrup qalibləri 2024/25 mövsümündə daha yüksək dəstdə oynamaq hüququ qazanacaq. A və B liqalarının qrup sonuncuları aşağı diviziona düşəcəksə, C liqasında 4 sonuncudan ikisi bu aqibətlə üzləşəcək.
AÇ-2020-də və DÇ-2022-də olduğu kimi, Millətlər Liqası AÇ-2024-ün pley-offuna da vəsiqə verəcək. Lakin bu turnirin reqlamenti təsdiqlənmədiyi üçün bu prosedurun necə olacağı hələ bəlli deyil. Reqlamentin 2022-ci ilin iyununda dəqiqləşəcəyi gözlənilir.
Artıq turnirin oyun günləri də bəllidir. Gələn il iyunun 1-14-də ilk 4 turun matçları baş tutacaq. Sentyabrın 22-27-də isə qruplarda son iki tur oynanılacaq.
UEFA Millətlər Liqasında həlledici qarşılaşmalar 2023-cü ilə planlaşdırılıb. İyunun 14-15-də yarımfinal, 18-də üçüncülük matçı və final keçiriləcək. Pley-off martın 21-23 və 24-26-na təyin edilib.
Azərbaycan millisinin növbəti UEFA Millətlər Liqasındakı oyunlarının təqvimi belədir:
UEFA Millətlər Liqası
C Liqası
3-cü qrup
3 iyun
Qazaxıstan/Moldova cütünün qalibi – Azərbaycan
6 iyun
Belarus – Azərbaycan
10 iyun
Azərbaycan – Slovakiya
13 iyun
Azərbaycan – Belarus
22 sentyabr
Slovakiya – Azərbaycan
25 sentyabr
Azərbaycan – Qazaxıstan/Moldova cütünün qalibi


