Azərbaycan Premyer Liqasının titul sponsoru nə vaxt bəlli olacaq?

2023/2024 mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasının titul sponsorunun adına hələ də aydınlıq gəlməyib.

Arena.az xəbər verir ki, bu gün baş tutan püşkatma mərasimində Peşəkar Futbol Liqasının (PFL) rəsmiləri bu məsələyə aydınlıq gətiriblər.

PFL-in media və marketinq direktoru Sənan Abdullayev Premyer Liqa ilə yanaşı, Birinci və İkinci liqa üçün də sponsor tapılması yönündə iş aparıldığını bildirib:

“Əlbəttə, əsas diqqət Premyer Liqayadır. Təxminən, 3-4 gün sonra Premyer Liqanın sponsorunun adına aydınlıq gələcək. Hazırda bu yöndə danışıqlar davam edir. Ən çox sual “Misli” ilə davam edib, edilməyəcəyi ilə bağlı verilirdi. Sevindirici məqam budur ki, hazırda sponsorluğa iki namizəd var. Onlarla danışıqlar gedir. Ancaq hazırda görünən budur ki, daha böyük şans “Misli”dədir. Böyük ehtimal, onlarla əməkdaşlığı davam etdirəcəyik. Bundan başqa, tək 1-ci Liqa yox, bütün liqalar üçün əməkdaşlıq məsələləri müzakirə olunur. Etiraf edim ki, bu barədə danışmaq çox çətindir. Ancaq son üç aydakı mübarizədən, futbol prinsiplərinin qorunmasından sonra hiss edirik ki, danışdığımız şəxslərin yanaşması dəyişib. Ümid edirik ki, həm Birinci, həm də İkinci Liqaya sponsor tapa biləcəyik”.

Sənan Abdullayev Azərbaycan Kuboku üçün də ayrıca sponsorun cəlb olunmasının mümkünlüyünü diqqətə çatdırıb: “Kubokla bağlı ötən mövsümdən danışıqlar gedir. Belə deyək, ölkə kubokuna sponsor tapmaq şansımız daha çoxdur”.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümündəki titul sponsoru “Misli” idi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: