Azərbaycanın 3 güləşçisi Avropa çempionu oldu!

Azərbaycanın 3 güləşçisi Slovakiyanın paytaxtı Bratislava şəhərində təşkil edilmiş Avropa çempionatının qalibi olub.

Arena.az xəbər verir ki, bu gün Bratislavadakı Avropa çempionatına yekun vurulub.

Yarışın son günündə Azərbaycanın 3 güləşçisi – yunan-Roma güləşi üzrə yığmamızın üzvləri Nihat Məmmədli ardıcıl ikinci, Həsrət Cəfərov üçüncü, Qurban Qurbanov isə ilk dəfə Avropa çempionu olub.

Əvvəlcə Nihat Məmmədli final görüşünə çıxıb. 60 kq çəki dərəcəsində yarışan idmançımız həlledici görüşdə serbiyalı Georgi Tibilovu məğlub edib. Rəqibini 7:3 hesabı ilə üstələyən Məmmədli 2-ci dəfə Avropa çempionu adını qazanıb.

Daha sonra Həsrət Cəfərov eyni uğuru təkrarlayıb. 67 kq çəki dərəcəsində yarışan idmançımız finalda bolqarıstanlı Əbu Müslim Amayevi məğlub edib. Rəqibini 7:1 hesabı ilə üstələyən Həsrət Cəfərov 3-cü dəfə Avropa çempionu adını qazanıb.

Qurban Qurbanov da Avropa çempionatının qalibi olub. 82 kq çəki dərəcəsində yarışan idmançımız macarıstanlı rəqibi Erik Silvassini məğlub edib. Görüşdə 6:0 hesabı ilə qalib gələn Qurban Qurbanov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, güləşçinin böyüklər arasında ilk Avropa çempionluğu olub.

Ülvi Qənizadə isə Avropa çempionatının bürünc medalını qazanıb. 72 kq çəki dərəcəsində yarışan idmançı bolqarıstanlı rəqibi Aleksandr Liavonçiki (UWW) məğlub edib – 2:1.

Xatırladaq ki, ötən gün yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (57 kq) gümüş, İslam Abbasov (87 kq) isə bürünc medal qazanmışdı.

Avropa çempionatının əvvəlki günlərində Azərbaycanın sərbəst güləşçiləri də 1 qızıl, 1 gümüş və 4 bürünc mükafata sahib çıxmışdılar. Georgi Meşvildişvili (125 kq) Avropa çempionu olmuşdu. Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medala sahib çıxmışdılar. Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olmuşdu.

Qadınlardan isə yalnız Jalə Əliyeva (57 kq) bürünc mükafat əldə etmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: