Türkiyənin “Fənərbağça” klubunun sabiq prezidenti Aziz Yıldırım yenidən İstanbul təmsilçisinə rəhbərlik etmək hüququ qazanıb.
Arena.az bu barədə sözügedən klubun rəsmi saytına istinadən xəbər verir.
74 yaşlı iş adamı bu gün keçirilmiş seçkilərdə qələbə qazanmaqla əvvəlki vəzifəsinə qayıdıb. O, digər namizəd Hakan Safini mübarizədə üstələyib. A.Yıldırım rəqibini aşkar üstünlüklə geridə qoyaraq yenidən İstanbul klubunun prezidenti seçilib. O, növbəti 1 il ərzində “sarı-lacivərdlilər”ə rəhbərlik edəcək.
Xatırladaq ki, A.Yıldırım daha əvvəl 20 il “Fənərbağça”nın prezidenti olub. O, 2018-ci və 2024-cü illərdə keçirilmiş seçkilərdə Ali Koça məğlub olmuşdu. 74 yaşlı funksioner 8 illik fasilədən sonra yenidən “Fənərbağça”ya rəhbərlik edəcək.
Aziz Yıldırım 1998-ci ildən 2018-ci ilə qədər “Fənərbaxça” klubunun prezidenti postunda çalışıb. Onun dövründə bu klubun həm futbol, həm də digər komandaları çoxsaylı titullar qazanıblar. Amma Aziz Yıldırımın klubdan ayrılmasından etibarən komanda heç bir uğur qazana bilmirdi. Xüsusilə də illərdir çempionluğa həsrət olan “Fənərbağça”nın əsas komandası onun rəhbərliyi dövründə 6 dəfə Türkiyə çempionu olub, 2 dəfə Türkiyə Kubokunu qazanıb.


